Azərbaycanda fiber genişzolaqlı internetə çıxış 100 faizə yüksəlib

Son beş il ərzində Azərbaycan "Onlayn Azərbaycan" layihəsi vasitəsilə əlamətdar rəqəmsal transformasiyaya nail olub.

Trend xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, 2021-ci ildə ölkəmizdə internet infrastrukturunun inkişafına dair strateji yol xəritəsinin tərkib hissəsi kimi istifadəyə verilmiş bu təşəbbüsün məqsədi bütün vətəndaşlarımız üçün, xüsusilə də kifayət qədər xidmət olunmayan və ucqar regionlarda yüksək sürətli genişzolaqlı internetə çıxışı təmin etmək olub.

"Qürurla qeyd edə bilərəm ki, 2025-ci ilin sonuna bu layihə ölkə üzrə tam əhatəyə nail olub. Fiber genişzolaqlı internetə çıxış ev təsərrüfatları və biznes subyektləri üzrə cəmi 9 faizdən bu gün demək olar ki, 100 faizə yüksəlib. Bu nailiyyət Azərbaycanın sabit genişzolaqlı internet bazarını əsaslı şəkildə yenidən formalaşdırıb.Bu transformasiyanın təsiri performans göstəricilərində aydın şəkildə əks olunur. Ookla Speedtest Intelligence məlumatlarına əsasən, ölkə üzrə sabit genişzolaqlı internetin median sürəti 2020-ci ildə təxminən 10 Mbit/saniyədən 2025-ci ilin sonuna doğru təxminən 90 Mbit/saniyəyə yüksəlib".

RİNN rəsmisi qeyd edib ki, bu texniki nailiyyətlərdən kənarda isə, əslində, bu irəliləyişin sosial ölçüsü daha böyük əhəmiyyət daşıyır.

"Layihə çərçivəsində görülən işlərin 40 faizdən çoxu əhalimizin təxminən yarısının yaşadığı kənd ərazilərinə yönəldilib. Dövlət-özəl tərəfdaşlıq modeli vasitəsilə köhnə mis şəbəkələrin müasir fiber-optik infrastrukturla əvəzlənməsi nəticəsində biz rəqəmsal uçurumu əhəmiyyətli dərəcədə azaldıb və coğrafiyanın artıq imkanlar üçün maneə olmamasını təmin etmişik. Lakin təkcə infrastruktur rəqəmsal ambisiyalarımızı reallaşdırmaq üçün kifayət deyil".