Azərbaycanda bu şəxslər universitetdə pulsuz təhsil ala bilər - SİYAHI
Azərbaycanda ali təhsilin əlçatanlığının təmin edilməsi dövlətin əsas təhsil siyasəti istiqamətlərindən biridir. Bu məqsədlə ali təhsil müəssisələrində təhsil alan tələbələrin bir hissəsinin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Day.Az xəbər verir ki, ümumilikdə, dövlət tərəfindən maliyyələşdirilən ali təhsil iki əsas mexanizm üzərindən həyata keçirilir.
Birinci mexanizm dövlət sifarişi əsasında ali təhsildir. Dövlət ali təhsil müəssisələrində hər il müəyyən ixtisaslar üzrə dövlət sifarişli yerlər ayrılır. Bu yerlərə qəbul olan abituriyentlər təhsil haqqı ödəmədən ali təhsil alırlar. Dövlət sifarişi ilə yerlər qəbul planında əvvəlcədən təsdiqlənir və adətən ən yüksək bal toplayan abituriyentlər bu yerlərə qəbul olunurlar. Beləliklə, yüksək akademik göstəricilərə malik gənclərin ödənişsiz ali təhsil alması dövlət tərəfindən stimullaşdırılır.
İkinci mexanizm isə sosial müdafiəyə ehtiyacı olan əhali qrupları üçün nəzərdə tutulmuş güzəştlərdir. Dövlətin sosialyönümlü təhsil siyasətinə uyğun olaraq, bəzi kateqoriyadan olan şəxslərin təhsil haqqı onların maddi vəziyyəti və sosial statusu nəzərə alınmaqla dövlət tərəfindən ödənilir.
Bu kateqoriyalara aşağıdakı şəxslər daxildir:
-
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər;
-
şəhid ailələrinin üzvləri;
-
məcburi köçkün statuslu Azərbaycan vətəndaşları;
-
müharibə şəraitində əlilliyi müəyyən edilmiş şəxslər.
Ümumilikdə, dövlət sifarişi və sosial güzəştlər mexanizmi vasitəsilə Azərbaycan dövləti ali təhsilin həm keyfiyyətini artırmağı, həm də onun sosial baxımdan əlçatan olmasını təmin etməyi qarşıya məqsəd qoyur.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре