Temperatur 8 dərəcə enəcək, qar yağacaq

Fevralın 10-11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında qeyd edilib.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 10-da havanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.