Sərt nəzarət, gizli RİSKLƏR:

Həddindən artıq nəzarət ilk baxışda uşağı qoruyur kimi görünsə də uzunmüddətli təsiri o qədər də müsbət deyil.

Bunu Day.Az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.

O, zərərli vərdişlərdən qorumaq üçün valideynlərin övladlar üzərindəki sərt nəzarətinin mümkün nəticələrindən danışıb.

M.Mehdiyeva bildirib ki, ABŞ və Avropa ölkələrində aparılan araşdırmalar göstərir ki, sərt nəzarət altında böyüyən uşaqlar daha çox gizliliyə meylli olur, davranışlarını valideynlərindən gizlətməyə başlayır və riskli mühitlərlə tanışlıq çox vaxt nəzarətdən kənarda baş verir.

"Bu riskli mühitlərdə isə ən çox rast gəlinən zərərli vərdişlərə tütün məmulatları (siqaret, elektron siqaret və s.), alkoqollu içkilər, narkotik və psixotrop maddələr, həmçinin erkən və nəzarətsiz sosial təsirlər daxildir.

Əksinə, valideyn-övlad münasibətlərində etibar və açıq ünsiyyətin olduğu ailələrdə bu cür zərərli vərdişlərə meyl daha aşağı olur. Uşaq özünü təhlükədə hiss etdikdə və ya yanlış seçim qarşısında qaldıqda bunu valideyni ilə bölüşməkdən çəkinmir. Bu isə qarşısının alınmasının ən effektiv yollarından biri hesab olunur.

Psixologiyada balanslı valideyn yanaşması ən effektiv model kimi qəbul edilir. Bu modeldə valideyn nəzarəti tam aradan qaldırılmır, lakin o, təzyiq formasında deyil, izah və yönləndirmə ilə həyata keçirilir. Qaydalar qoyulur, amma səbəbləri uşağa izah edilir. Uşağa müəyyən azadlıq verilir, lakin bu azadlıq məsuliyyətlə müşayiət olunur", - deyə o bildirib.

Ekspert qeyd edib ki, Skandinaviya ölkələrinin təcrübəsi də bunu təsdiqləyir:

"Orada valideynlər daha çox maarifləndirməyə və dialoqa üstünlük verirlər. Nəticədə yeniyetmələr arasında tütün, alkoqol və narkotik istifadəsi daha aşağı səviyyədə müşahidə olunur.

Eyni zamanda, Şərq düşüncəsində valideyn nəzarəti daha çox ailə dəyərləri, hörmət və mənəvi məsuliyyət üzərində qurulur. Konfutsiçilik kimi yanaşmalarda valideynə hörmət və itaət əsas prinsip sayılır. Bu, müəyyən mənada uşağın davranışlarını tənzimləyən güclü sosial mexanizm rolunu oynayır. Lakin müasir yanaşmalar göstərir ki, yalnız itaət üzərində qurulan münasibət kifayət etmir; bu model dialoq və emosional yaxınlıqla tamamlanmadıqda uşaqlarda gizli şəkildə zərərli vərdişlərə yönəlmə riski artır.

Nəticə olaraq, həddindən artıq nəzarət qısa müddətdə intizam yaratsa da, uzunmüddətli qoruyucu təsiri zəifdir. Uşaqları tütün, alkoqol və narkotik kimi zərərli vərdişlərdən qorumaqda əsas rol oynayan amil nəzarətin sərtliyi deyil, münasibətin keyfiyyətidir. Valideyn həm nəzarət edən, həm də güvənilən dayaq nöqtəsi olmalıdır", - o bildirib.

Nəsimi Ələsgərli