PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur

PAŞA Bank bu gün Bakıda start götürən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"-nin sponsorları sırasında yer alır.

9-10 iyun tarixlərində keçirilən sammit bankçılıq və maliyyə sektorunun aparıcı nümayəndələrini, bank rəhbərlərini, tənzimləyici qurumları, FinTech şirkətlərini, startapları, investisiya və inkişaf institutlarını, eləcə də beynəlxalq təşkilatları və sənaye ekspertlərini bir araya gətirir.

Regionun maliyyə sistemlərinin qlobal maliyyə arxitekturasına inteqrasiyasını sürətləndirməyə yönəlmiş strateji platforma kimi çıxış edən bu sammit müxbir bankçılıq əlaqələrinin gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi kimi prioritet məsələləri əhatə edir. Müzakirələr 2026-cı il üçün qlobal maliyyə sektorunda formalaşan əsas trendlərə fokuslanaraq dayanıqlı və rəqabətqabiliyyətli maliyyə ekosisteminin formalaşdırılmasını hədəfləyir. Panel sessiyalar və B2B görüşlər vasitəsilə iştirakçılara strateji dialoq və əməkdaşlıq üçün geniş imkanlar təqdim edilir.

Sammit çərçivəsində keçiriləcək "Effektiv komplayens ekosistemlərinin qurulması: qlobal trendlər və regional baxışlar" adlı paneldə PAŞA Bankın AML və Monitorinq şöbəsinin rəhbəri Şahin Heydərov moderator qismində çıxış edəcək. Paneldə AML/CFT standartlarının inkişafı, komplayens çərçivələrinin təkmilləşdirilməsi və maliyyə sektorunda risklərin idarə olunmasına dair qlobal və regional yanaşmalar müzakirə olunacaq.