Nəcibə Məlikova - aktrisa, həmkar, həyat yoldaşı, ana və qayınana kimi

Day.Az представляет новость на азербайджанском языке

Özünü aktyorluq sənətinə həsr edənlərin taleyi çox zaman teatrda, kinoda canlandırdıqları obrazların taleyinə bənzəyir. Bu bənzəyişi bir bucaqdan izah etmək olar - səhnədə, ya ekranda yaşanan ömrün ən kiçik belə cəhətinin ifaçının real həyatda atdığı addımlarda paralel xətt kimi üzə çıxmasından ötrü mütləq zəmin olmalıdır. Yaxşı aktyor cəmiyyətin əksər üzvlərinin yarısının, ya da ən tələbkar tamaşaçıların çox kiçik bir qisminin qəbul etdiyi istənilən xarakterli rolu inandırıcı şəkildə ifa edən aktyordur.

Repressiyadan xilas yolu

Nəcibə xanım Məlikovanın (25.10.1921 - 27.07.1992) Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlardan birinin xarakterinin cəmiyyətə yaraşmamasından hiddətlənən tamaşaçılar "rədd ol səhnədən!", "sənin kimilərə bizim aramızda yer yoxdur!" nidalarını səsləndirirmişlər. Aktyor üçün bundan böyük qələbə, bundan böyük mükafat ola bilməz. Nəcibə xanımın aktrisa olması əlacsızlıqdan, təsadüfi seçilmiş yol idi. Atası Haşım bəy Saqib əsilli-köklü bəy olmaqla yanaşı, həm də nəinki Buzovna kəndinin, bütövlükdə Abşeronun nüfuzlu şairlərindən idi. Qəzəllərindən ibarət kitabı da nəşr olunmuşdu (Nəcibə xanım yeganə övladı olan Həsənov Saqib Nəsrəddin oğluna - Azərbaycan Turizm Sənayesi İttifaqının sədri olub, bir neçə il əvvəl dünyasını dəyişib - onun adını vermişdi). Repressiya məngənəsi təbii ki, bu ailədən də yan keçməmişdi. Nəcibə Məlikovanın dayısı Ruhulla Axundovun "xalq düşməni" elan edilməsi isə bir çox qapıları onun üzünə bağlamışdı. Nəcibə xanım həkim olmaq istəyirdi. Lakin o zaman qəribə bir qayda qoyulmuşdu: "xalq düşməni" damğası ilə həbs edilən şəxslərin övladlarının hər hansı elm və təhsil ocağında biliklərə yiyələnməyə və ya çalışmağa ixtiyarı yox idi. Bu qayda yalnız aktyorluq sənətinə aid edilmirdi; nədənsə sovet ideoloqları hesab edirdilər ki, "xalq düşməni" ailəsinin üzvü bu fəaliyyət sahəsində təhlükəli olub, qadağan edilmiş işlərə qoşulub ideologiyaya qarşı heç bir addım ata bilməz. Buna görə də Nəcibə xanım əvvəl stenoqrafçı işləyir, sonra isə Teatr texnikumuna daxil olur.

Dilarənin prototipi

Texnikumu bitirdikdən sonra Gəncə teatrında çalışmağa başlayır. Bu, təxminən 1947-48-ci illərə təsadüf edir. Orda birinci həyat yoldaşı Nəsrəddin Həsənovla tanış olur. Nəcibə xanımın gözəlliyi və şəxsiyyətinin tamlığı onlara gözəl bir ailə qurmağa imkan verir. Lakin təəssüf ki, şəxsi həyatdakı xoşbəxtlik uzun çəkmir. 1951-ci ildə Nəcibə xanım dul qalır.

Nəcibə Məlikovanın gəlini Arifə xanımın Milli.Az-a danışdıqları:

"Baxmayaraq ki, Nəcibə xanım həmişə səfərlərdə olub mərhum həyat yoldaşım Saqib bəy danışardı ki, anasının diqqətini hiss etmədiyi məqamı xatırlamır. Bir insan kimi formalaşmağında onun müstəsna rolunu yeri düşdükcə qeyd edirdi..."

Onun şəxsi həyatı dönə-dönə baxdığımız "Ögey ana" filminin Dilarəsinin həyatından daha dramatik olub. Qarşılıqlı sevgi üzərində qurulmuş ailə, tədricən doğma ana məhrəmliyinə ucaltdığı ögey ana statusu, həyat yoldaşının daim qadınların diqqət mərkəzində olmasının daha bir boşanma və daha bir yeni ailə ilə nəticələnməsi... Başqa sözlə, həyatın hədiyyələri ilə zərbələri eyni dərəcədə nəsib olub Nəcibə xanıma. Bütün bunlara baxmayaraq, o nəinki doğma oğlu Saqibə, həyat yoldaşının əvvəlki nikahdan olan oğlu Fuada da (AFFA-nın keçmiş vitse-prezidenti) layiqli ana və hətta Nəsrəddinin üçüncü nikahdan olan qızlarına da həyan olmağı bacarıb. Bu missiyanı elə şərəflə yerinə yetirib ki, müxtəlif nikahlardan olan övladlar arasında indi də ünsiyyət davam etməkdədir. Sevgisinə də sadiq qalıb - bir daha ailə qurmayıb. Son dərəcə dəyanətli, ailənin, soyadın yüksək adının qorunub-saxlanmasına diqqətlə yanaşan, daxilən çox ədəb-ərkanlı qadın olan sevimli aktrisamız valideynlərinin ona verdikləri Nəcibə adını tamamilə doğruldan həyat yaşayıb. Bu mənada onun Dilarəsi pafos, mübaliğə prizmasına qətiyyən tuş gəlmir - Dilarə Nəcibə Məlikovanın özüdür. Məhz buna görə Həbib İsmayılovun yaradıcılıq işi olan "Ögey ana" filminin uğuru isə bu günədək solmur. Filmin nümayişindən sonra keçmiş SSRİ-nin bütün nöqtələrindən, hətta Bolqarıstandan, Macarıstandan, Rumıniyadan da minnətdarlıq məktubları gəlirmiş.

Teatrda İlyas Əfəndiyevlə məsləhətləşmələr, imtina etdiyi kinoobraz...

Nəcibə xanım Gəncə teatrında cəmisi bir-iki il çalışandan sonra Akademik Milli Dram Teatrına dəvət edilir. Bu teatrda ilk rolu K.Qoldoninin "Mehmanxana sahibəsi" komediyasında Mirandolina obrazı olub. Azərbaycan teatr sənətinin sütünlarından birini yaratmış müstəsna dəsti-xətli rejissor Tofiq Kazımovla çoxlu birgə işlərinin sırası teatr tariximizin zənginləşməsinə xidmət edib. 60-70-ci illər "Azdrama"sının səhnədən teatrsevərlərə məhz dramaturji cəhətdən mükəmməl söz demək mərhələsini gətirmiş gözəl nəsr nümunələrinin və pyeslərin müəllifi İlyas Əfəndiyev teatra təqdim edəcəyi yeni əsərini qələmə almazdan öncə Nəcibə xanımla məsləhətləşirmiş. Çünki Nəcibə xanım amplua aktrisası deyildi. Onun təqdimatında istənilən xarakterli obrazı tamaşaçılar eyni səmimiyyətlə qarşılayırdılar.

 

Arifə xanım:

"Mənliyini sevən, sözün düzünü birbaşa deyən qadın idi. Buna görə də onu sevməyənlər də az deyildi. Biz onunla gəlin-qayınana yox, ana-bala, hətta rəfiqə olmuşuq. Danışırdı ki, "Azdrama"da fəaliyyətə başladığı vaxtlarda ilk maaşına aldığı tufliləri səhnə geyimi ilə dəyişib tamaşadakı rolunu oynayandan sonra qrim otağına qayıdanda ayaqqabıların qayçı ilə kəsik-kəsik edilmiş vəziyyətdə görüb. Yaradıcı insanlara qısqanclıq hissi xasdı. Nəcibə xanımda yeni istedadlara qarşı qətiyyən narahat bir qısqanclıq hissi yox idi. Həmişə onları tərifləyirdi..."

Aktyorlardan tez-tez eşidirik ki, teatr tamaşalarında çıxış edəndə hərdən zəhmətimizə heyfimiz gəlir. Doğrudur, aktyorun istedadının, bacarığının cilalanmasından ötrü yeganə şəraiti yalnız teatr yaradır. Burda bircə təəssüf doğuran məqam odur ki, sənətkarların teatr səhnəsində canlandırdıqları daha çox yalnız yaddaşlarda qalır. Ona görə də kinokamera ilə ünsiyyət qurmağı bacaran aktyorlar böyük ekranda, televiziyada kino obrazlarla özlərini təqdim etməyə çalışırlar. Nəcibə xanım kinokamera ilə nəinki ünsiyyət qurmağı bacardı, onun elə ilk rollarından belə bir möhkəm özüllü təəssürat yarandı ki, Azərbaycan kinosunu Nəcibə Məlikova adlı sima olmadan təsəvvür etmək mümkün deyil. "Fətəli xan" (Xədicə), "Ögey ana" (Dilarə), "Aygün" (Aygün), "Leyli və Məcnun" (Səlimə), "Əhməd haradadır?" (Nərgiz xala), "Arşın mal alan" (Cahan), "Qanun naminə" (Zərintac), "Üzeyir ömrü" (Xurşidbanu Natəvan) və s. filmlərdəki obrazlarının hər biri qəribə şirinliyi, doğmalığı, bir-birinə qətiyyən bənzəməməsi ilə seçilir. Əlbəttə, fitri istedada, səhnə və ekran məlahətinə eyni dərəcədə malik olan, üstəlik də Rza Təhmasib kimi ustaddan dərs almış aktrisa üçün belə müvəffəqiyyət təbiidi. Nəcibə xanım kino lentlərində sadəcə həkk olunmaq xatirinə filmlərə çəkilmirdi. Yalnız ürəyincə olan obrazlarda çəkilməyə razı olurdu. Məsələn, belə bir fakt bəllidir ki, Nəcibə xanım "Böyük dayaq" ekran əsərində Səkinə roluna çəkilməyə dəvət edilsə də, təklifdən imtina edib.

Aptekdə anlaşılmazlıq və ya ağappaq pambıq...

Arifə xanım:

"Nəcibə xanım çox ünsiyyətcil insan idi. Təkliyi qətiyyən sevməzdi. Musiqi ilə də arası yaxşı idi. Həm yaxşı oxumağı bacarırdı, həm də gözəl rəqs etməyi. Xüsusən "Tərəkəmə"ni böyük həvəs və bacarıqla oynayırdı. Sənətə bağlı olduğu qədər evə, ailəyə, evdar xanım vərdişlərinə də bağlı idi. Son dərəcə təmizkarlığı ilə seçilirdi. Yaxşı xörəklər bişirməyi var idi. Evində tez-tez böyük sənətkarlar, həmkarları (məsələn, Barat Şəkinskaya, Hökümə Qurbanova, Məhluqə Sadıqova, Şəfiqə Məmmədova) qonaq olublar - Tofiq Kazımov bir dəfə Mstislav Rostropoviçi də gətirib. Nəcibə xanım özü daha çox balıq yeməklərini xoşlayırdı.

Onda zahiri və daxili gözəllik birləşmişdi. Gənc vaxtı aptekə daxil olanda ordakılar Nəcibə xanımın üz-gözündə çoxlu kosmetika olduğunu öz aralarında sözə qoyublar. Nəcibə xanımın da qulağı bu müzakirəni çalıb. Aptek işçilərindən pambıq alıb üz-gözünü silib, sonra da ağappaq pambığı onlara qaytarıb. Çox nizam-intizamlı insan idi. 71 yaşına kimi 27 il şəkər xəstəliyi ilə yaşadı. Bu müddət ərzində həkimlərin bütün göstərişlərinə riayət edirdi".

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.