Yunus Oğuz: "Tarix gələcək üçün bir işıqdır"

Day.Az представляет интервью на азербайджанском языке.
 

Modern.az saytı Azərbaycan ədəbiyyatında yazılan tarixi romanların keyfiyyəti ilə bağlı polеmika yaradıb. Polemikaya qoşulanlar maraqlı məsələlərə toxunublar. Bu dəfə mövzu ilə əlaqədar tarixi roman yazarı, publisist Yunus Oğuzun müsahibəsini təqdim edir:
 

- Ədəbiyyatda tarixi roman nə üçün vacibdir?

- Tarixi roman bu günümüzə işıq salır. Məsələn, XVI, yaxud XVII-XVIII əsrlərdə yazılan tarixi məsələlər indi də aktualdır. Vergi məsələsi və digər məsələlər var ki, dünyanın müxtəlif ölkələrinə baxanda da o sahədə oxşar problemlərin olduğunu görürsən. Siyasi məsələlərdə də bunu görmək olar. Tarixə baxanda görürsən ki, o, gələcək üçün bir işıqdır. Tarixi öyrənmək gələcəyimizə işıq salar. Keçmiş hadisələrdən dərs alıb kifayət qədər o səhvləri etməməyə çalışmalıyıq.
 

- Tarixi romanlar əsasən hansı meyarlara söykənməlidir?

- Əgər tarixi roman yazırsansa, burada, təbii ki, xronoloji ardıcıllıq mütləq olmalıdır. Əsas məsələ isə əsərin ideyasıdır. Öncə ideyanın necə çatdırılmasına diqqət yetirmək lazımdır. Əsəri ələ alanda bilməlisən ki, onun ideyası nədir.
 

- İndi yazılan tarixi romanlarda iki qüsur gözə dəyir. Birinci bədii təxəyyül amilinin zəifliyi, ikinci tarixi gerçəkliklərin təhrifi. Siz də bir tarixi roman yazarı kimi bu məsələlərə necə yanaşırsınız?

- Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə, münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz.
 

- Deməli, əsərin bədii dəyəri ikinci plana düşür?

- Xeyr, müəllif romanını yazır. Yazmağında məqsəd nədir? Roman xatirinə roman yazacaqsansa, o romanın keyfiyyəti olmayacaq. Azərbaycanda bəziləri bu cür yazır. Hətta dünya ədəbiyyatında da bu kimi hallar var. Görürsən ki, belə əsərin keyfiyyəti olmur.
 

- Başdan-ayağa rəqəmlərə, xronikalara söykənmək əsərin bədii dəyərinə ziyan vurmur?

- Təbii vura bilər. Amma burada digər cəhəti də demək istəyirəm. Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burada ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan, sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul edilmir. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün yazıram. Dili başa düşən insanlar üçün yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində müasir sözlərdən imtina edərək onları yeni variantları ilə əvəzləyiblər. Mən də hiss etdim ki, mən getdiyim yol daha oxunaqlıdır.
 

- Başqa hansı meyarlara görə əsərləriniz tənqid olunub?

- Deyim sizə ki, mənim əsərlərim haqqında çox insanlar yazıb. Nizami Cəfərov, Şamil Vəliyev və bir çox adamlar. Amma heç biri tarixi gerçəkliyin təhrifi, xronoloji ardıcıllığın pozulması ilə bağlı nöqsanlar bildirməyiblər. Çünki olsa idi, düzəldərdilər. "Nadir şah" əsəri 5 dəfə nəşr olunub, digər roman iki dəfə. Olsaydı, əgər belə səhvlər mütləq düzəldilərdi.
 

- Modern Azərbaycan ədəbiyyatında yazılan hansı tarixi romanları bəyənirsiniz?

- Elçin Hüseynbəylinin Şah Abbasa aid olan romanı. Düzdür, orada Şah Abbas tənqid olunmuşdu, amma sonra düzəlişlər aparıldı. Sabir Rüstəmxanlının "Göy Tanrısı"...
Amma orta əsrlərə həsr olunmuş bəzi əsərlər var ki, onları oxudum, əsərin məqsədi nədir, onu başa düşmədim.
 

- Konkret hansı əsəri nəzərdə tutursunuz?

- Mən bir neçə əsəri nəzərdə tuturam. Əsas olan romandakı məqsəddir. Burada söhbət qlobal məqsəddən gedir. Qlobal məqsəd yoxdursa, tarixi romanı yazmağa dəyməz.
 

- Sizin şamanizmə vurğunluğunuz da məlumdur.

- Sufizmin kökü şamanlıqdan gəlir. Orada Tanrı qəbulu var və bu çox normal bir şeydir. "Əmir Teymur" və "Şah arvadı və cadugər" romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdir ki, hər kəsdə olmur.
 

- Sizdə bu elmlərdən təsirlənmə və onlardan əxz olunan xüsusi qeyri-adi bacarıq varmı?

- Təbii ki, var. Amma onu danışmağa ehtiyac yoxdur. Çünki hamı üstümə tökülər. (gülür)
 

- Bütün bunlar barədə, qeyri-adi bacarığı əks etdirəcək tarixi roman yazmaq fikriniz varmı?

- Bunun üçün gərək tarixə düşəsən, Yunus Əmrənin yanında dərs keçəsən. O yolları təzədən keçəsən, bu çox ağırdır. Yunus Əmrənin bir şeiri var.

Təriqət şəriət yoludur, varam
Mərifət, həqiqət ondan içəri.
Süleyman quş dilin bilir deyirlər,
Süleyman var, Süleymandan içəri.

Biz də öz içimizə girməliyik, o yolları təzədən keçməliyik. Amma çox təəssüflər ki, hazırkı dövr onlara imkan vermir. Gündəlik həyat qayğıları bunun qarısını kəsir. Amma zaman-zaman özümlə tək qalıram və çalışıram ki o yolları keçim və bu da məndə alınır. Tranformasiya alınır.