Uşaqların və böyüklərin birgə oynadığı məkan - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Qarşıdan isti yay günləri gəlir. Yay gələndə isə daha çox uşaqlar sevinir. Çünki onlar bu fəsildə yaxşıca əylənmək istəyirlər. Uşaqların bu istəyini yerinə yetirmək üçün isə valideyn xeyli xərc çəkməli olur. Çünki uşaq əyləncə mərkəzlərində uşağın bir neçə saatlıq əylənməsi xeyli baha başa gəlir. Biz də uşaq əyləncə mərkəzlərindəki qiymətlərlə tanış olmaq üçün onlardan bir neçəsinə baş çəkdik.
"Metropark"da hoppanmaq 5 manat...
İlk baş çəkdiyimiz ünvan metronun "Nərimanov" stansiyası yaxınlığındakı "Metropark" ticarət və əyləncə mərkəzi oldu. Bu məkan saat 10:00-dan axşam 23:00-dək fəaliyyət göstərir. Orada müxtəlif oyunlar, karusellər və kafe yerləşir. "Metropark"da ən ucuz oyunların qiyməti 80 qəpik, bahalılar isə 2 manatdır.
Qeyd edək ki, bu oyunlardan oynaya bilmək üçün öncə 3 manata kart almalısan. Daha sonra isə bu karta 2 manatdan az olmamaqla istədiyin qədər pul yükləyə bilərsən. Sadə bir nümunə gətirək ki, heç bir işıq, enerji sərfiyyatı olmayan yerə uşağınız girib özü üçün hoppanacaqsa, buna görə 5 manat ödəməlisiniz. Digər tərəfdən, bu məkanda "oyun qaydaları" da ilgincdir. Belə ki, sözügedən karta yüklənən pul qaytarılmır və dəyişdirilmir. Bu, kartın üzərində də açıq-aydın yazılıb. Yəni sən bu məkana girərkən tutaq ki, 20 manatlıq balans yükləmisənsə və çıxanda o kartda 5 manatın qalıbsa, onu geri istəyə bilməzsən.
"Magic Land" və "Crazy"də qiymətlər əl yandırır
"Magic Land" Uşaq Əyləncə Mərkəzində də durum fərqli deyildi. Burada aparatlar jetonla işləyir və jetonun qiyməti 50 qəpikdir. Hər oyun 2-3 dəqiqə davam edir. Zooma giriş isə 2 manatdır. Mərkəzdə banket zalı ilə yanaşı dərs saatı üçün otaq da var.
"Crazy" Uşaq Əyləncə Mərkəzinə isə bir uşağın girişi 5 manatdır. 5 manat ödəyən valideyn uşağını zooma daxil edə və "şarikovıy batud" adlı əyləncədən istifadə edə bilər. Jeton aparatları isə digərləri ilə eyni qiymətdədir.
Uşaqların və böyüklərin birgə oynadığı məkan
Paytaxtda Avropanın ən böyük və qapalı əyləncə mərkəzi sayılan "Megafun"dır. Bu əyləncə mərkəzində hər yaş üçün istirahət etməyə şərait yaradılıb. "Megafun" "Azure" əyləncə və alış-veriş mərkəzinin bir hissəsidir. "Həyəcanın yaşı yoxdur" devizi ilə fəaliyyətə başlayan bu mərkəzdə də əylənmək üçün əlini cibinin xeyli dərinliklərinə salmalısan. Çünki bu məkanda 10 dəqiqə əylənmək 5 manatdır. Məkanda kiçikdən böyüyə bütün ailə üzvlərinə xitab edən 200-dən çox oyun aparatı, attraksion, simulyator, təbii buz meydançası, qorxu tuneli və bir çox digər əyləncə vasitələri var. Mərkəzin böyük ərazisi müxtəlif oyunlardan ibarət 17 coğrafi zonalara bölünür. Nağıllar aləmini xatırladan bu məkanda gənclər daha çox "London" zonasında yerləşən 16 xətli boulinq və "Moskva" zonasında yerləşən təbii buz meydançasında cəmləşir.
Attraksionların qiyməti isə 1 manatla 10 manat arasında dəyişir. Burada da attraksionlardan istifadə etmək üçün zaman və balans kartı əldə etmək lazımdır. Kartların dəyəri 1 manatdır. Zaman kartlarından isə 5 manata 20 dəqiqə, 10 manata 50 dəqiqə, 20 manata isə 2 saat istifadə etmək mümkündür. Zaman kartı aktiv edildikdə içərisində olan zaman geriyə hesablanmağa başlayır və zaman bitdikdən sonra kart deaktiv olur. Bu zaman daxilində müştərilər qiymətindən asılı olmayaraq, istənilən attraksiondan arzuladığı qədər istifadə edə bilərlər. Ancaq cəld hərəkət etməlisən ki, zamanın və pulun boşuna getməsin. balans kartına istədiyin məbləği yükləyib attraksionlardan istifadə etmək mümkündür. Balans kartına hər yüklənilən 5 manata görə 50 qəpik bonus yığılır. Bu kartdan istifadə edərkən attraksionun qiyməti kartda olan məbləğdən çıxılır.
Qeyd edək ki, balans kartı ilə qiymətlərin 10 dəqiqəsi - 5 manat, 30 dəqiqə 10 manat, 1 saatı 15 manat , limitsiz 1 günü 20 manatdır.
Bəlkə "Oppalar"a gedək...
Avtovağzal ərazisindəki "Baku Outlet Park"da yerləşən "Oppalar" Uşaq Əyləncə mərkəzində isə qiymətlər digər yerlərə nisbətən xeyli ucuzdur. Həm səliqəli, həm də əlverişli olan "Oppalar"dan həm valideynlər, həm də uşaqlar razıdır. Burada zoomda oynamaq 1 manatdır. Saat limiti isə yoxdur. Hətta kim istəsə uşağı burada 1-2 manat ödəməklə dayəyə etibar edib, başqa işlə məşğul ola bilər. Burada attraksionlar olmasa da, uşaqların marağını cəlb edən kompyuter oyunları var. Bu oyunların ən bahalısının qiyməti 50 qəpikdir. İki uşağını "Oppalar"a gətirən Zamiq Ağayev deyir ki, 10 manatla uşaqlarını ürəyincə əyləndirə bilib: "Burada 1 manata kart aldıq. Karta nə qədər istəsən pul yükləyirsən. Mən 10 manat pul yüklədim. Uşaqlarımı da ürəklərincə əyləndirə bildim. Hələ kartımızda pul da qalıb".
Qeyd edək ki, karta 5 manat yüklədikdə 1 manat, 10 manat yüklədikdə isə 2 manat bonus gəlir.
Qeyd edək ki, dünyanın heç yerində Azərbaycanda olduğu kimi uşaq əyləncə mərkəzləri baha deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymətlərin yüksək olmasını uşaqlara olan diqqətsizliklə əlaqələndirdi: "Bizə uşaq əyləncə mərkəzləri ilə bağlı çoxlu sayda zənglər gəlir. Bir il bundan öncə "Meqafun"da insanların aldadılması ilə bağlı şikayətlər gəlmişdi. Kiçik yaşlı uşaqların aldadılması istehlakçı hüquqlarının pozulmasıdır. Təsadüfi deyil ki, 2011-ci ilin 14 yanvarında prezident ölkədə şişirdilmiş qiymətlərin olduğunu bildirmişdi. Eyni zamanda 2014-cü ilin 16 yanvarında imzalanan başqa bir fərmanda yenə də ölkədə şişirdilmiş qiymətlərin mövcudluğunu bildirib. Ölkə prezidenti səviyyəsində şişirdilmiş qiymətlərin olduğu dilə gətirilsə də, bunun qarşısı alınmır".
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.




Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре