Nigar Hüseynzadə: Moskvada azərbaycanlı qadın üçün tək yaşamaq çətindir

Day.Az представляет новость на азербайджанском языке

"Kitabların, təhsilin, bilgili insanların dəyərini bilin".

Oxu.Az-ın "Uğurun tarixi" layihəsinin növbəti qonağı Azərbaycan - Britaniya Məzunlar Birliyinin (Azerbaijan - UK Alumni association - AUKAA) üzvü, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə Heyətinin sədri Nigar Hüseynzadədir.  

Nigar, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsini nə zamandan icra edirsiniz?

- Son üç aydır ki, Cəmiyyətə rəhbərlik edirəm. Bundan öncə Marketinq Cəmiyyətinin İdarə Heyətinin sədri atam Rahim Hüseynov idi. Onun ani vəfatından sonra Cəmiyyətdəki bütün yarım qalan işləri mən davam etdirirəm. 

Rahim bəyi marketinq sahəsində hər kəs tanıyır və hörmət edirdi...

- Bilirsiz, mən uşaqlıqdan marketinq sözünü eşitmişəm, bu sahə haqqında məlumatlı olmuşam. Öz sinif yoldaşlarıma da həmişə marketinqin nə olduğunu izah etməyə çalışmışam. Bir müddət sonra isə bu sahədə daha çox oxumağa başladım. Atam həmişə deyərdi, "Nə qədər ki, valideynlər yanındadır, onlardan öyrənmək lazımdır". Düşünmürəm ki, o, bu qədər tez gedəcəyini hiss edirdi, amma o əlindən gəldiyi qədər mənə öyrətməyə, nələrisə göstərməyə çalışırdı. 

Həqiqətən də mən bu gün sahib olduğum hər şeyi atama və anama borcluyam. 

Təhsilinizi də bu sahə üzrə almısınız?

- Mən Ümumi menecmentlik üzrə təhsil almışam. 2006-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat və eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının Menecment fakültəsinə daxil olmuşdum. Mən bir il Moskvada təhsil aldım. Amma Moskvada gənc azərbaycanlı qadın üçün tək yaşamaq çətindir. Xüsusilə də 17 yaşı varsa. Mən darıxırdım, geri qayıtmaq istəyirdim. Qeyd edim ki, orada təhsil yüksək səviyyədə idi. Hər bir halda mən qərar verdim ki, geri qayıtmalıyam. Təhsilimi Neft Akademiyasında daxil olduğum fakültədə davam etdirdim. Burada üç il ingilis dilində oxuduqdan sonra isə İngiltərəyə getdim. Orada "University of Warwick"də Menecment və təşkilatın analizi üzrə təhsil aldım.

Orda yaşadığım bir illə bağlı çox parlaq xatirlərim var. Bu mənim İngiltərəyə ilk səfərim deyildi. Bundan öncə də bir neçə dəfə İngiltərəyə səfər etmişdim. İngiltərə həm də mənim həyatımda səfər etdiyim ilk ölkə idi. Mənim yeddi yaşım olanda valideynlərimlə oraya səfər etmişdik. İlk dəfə anlamışdım ki, məni doğma dilimdə heç kim anlamır və mən onlarla eyni dildə danışmağa məcburam. Anam mənə artıq beş yaşımdan bu dili öyrədirdi və mənə çətin olmadı. Ümumiyyətlə, valideynlərim həmişə çalışırdılar ki, mən müstəqil olum. Məsələn, məni bilet almağa göndərirdilər və kənardan nəzarət edirdilər. Bu gün insan olaraq sahib olduğum bütün müsbət xüsusiyyətlər onların əməyinin və tərbiyəsinin nəticəsidir. Hesab edirəm ki, onların tərbiyə üsulları haqda kitab yazmaq lazımdır.

O kitabı elə siz yaza bilərsiniz...

- Mütləq. Uşaq vaxtı anam məni danlamaq və ya incitmək istəmirdi. Bu səbəbdən də nadinclik edəndə deyirdi ki, evdəki şəxsi kitabxanamızı atacaq və mən savadsız olacam. Mən isə savadsız olmaqdan çox qorxurdum. Baxın, belə cəzalar daha effektli idi, çünki növbəti dəfə o səhvi etməməyə çalışırdım. Təxminən 9-10 yaşımda, "Ailə" adlı bir bədii əsər oxumuşdum. Əsərdə bir uşağın özünü ailəsində yad kimi hiss etməsindən və sanki yerinin səhv düşməsindən bəhs edilirdi. Bilirsiz, bu, çox önəmli məqamdır, ailədə uyğunluq və uşaqların özlərini xoşbəxt hiss etməsi vacibdir.

Ailədə və eyni zamanda yaşadığınız ölkədə...

- Haqlısınız. Komfortlu həyat üçün yaşadığınız mühit, dostlarınız və işlədiyiniz yer, vəzifə düzgün seçilməlidir. Hər bir insanın həyatında xoşagəlməz məqamlar və problemlər olur. Mənim həyatımda isə bu, yalnız atamı itirməyimlə bağlıdır. Digər bütün məsələlərdə bəxtim gətirib.

Marketinq Cəmiyyətini idarə etmək çətin deyil? Çünki bu vəzifə üçün gəncsiniz.

- Bəli, bu vəzifə üçün çox gəncəm. Amma hesab edirəm ki, hər şeyə vaxtında başlamaq lazımdır. Mən özümü təhsilli və bilgili insan hesab edirəm. Bu səbəbdən də atamın gördüyü bütün işləri sona çatdıra biləcəyimdən əminəm. Atam, çox aktiv insan idi və qısa ömrünə yüz il yaşamış insandan çox iş sığdırmışdı.

Sizcə, bu gün Azərbaycanda marketinqin hansı problemləri var?

- Azərbaycan çox gənc dövlətdir. Amma eyni zamanda sürətlə inkişaf edir. Bu səbəbdən problemlərin olması normaldır. Hər bir şirkətdə marketinq departamenti var. Bu sahədə gənclər var, onlar xaricdə təhsil alır və nəticədə məncə, bu sahədə də güclü nəsil yetişəcək.

- Nigar, hazırda hansısa şirkətlə əməkdaşlıq edirsinizmi?

- Bəli. Mən artıq iki ildir ki, Deloitte şirkətində məsləhətçi vəzifəsində çalışıram. Bu işdə çox maraqlı məqamlar var və mən yeni şeylər öyrənirəm. Təhsil çox önəmlidir. Amma məncə daha önəmlisi, çalışdığın işdə hər gün nəsə yeni bir şey öyrənmək və özünü yetişdirməkdir. Mən bu müsahibəni oxuyan hər kəsə bir mesaj vermək istərdim: Kitabların, təhsilin, onlara çox şey öyrədə biləcək bilgili insanların dəyərini bilsinlər. Uğur elə buradan başlayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.