Türkiyə və Rusiyanın iştirakı ilə bölgədə yeni birlik yanara bilər

Day.Az представляет новость на азербайджанском языке
"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə avqustun 9-da Rusiyaya bir günlük səfər etdi. İki ölkənin prezidenti Sankt-Peterbuqda müxtəlif mövzuları müzakirə etdilər. Ən əsası o oldu ki, prezidentlər Rusiya ilə Türkiyə arasındakı münasibətləri əvvəlki inkişaf vəziyyətinə gətirməyə qərar verdilər. Bu, o deməkdir ki, həm "türk axını" və Türkiyədə Akkuyu nüvə elektrik mərkəzinin tikintisi layihələri reallaşacaq, həm də iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının həcmi artırılacaq. Ərdoğan Sankt-Peterburqda keçmiş illərdəki hədəfini yenidən təkrarladı: "Elə etməliyik ki, Türkiyə ilə Rusiya arasındakı iqtisadi və ticarət əməkdaşlığının həcmi 100 milyard dollara çatsın"".
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, Türkiyə və Rusiyanı ortaq maraqlar da birləşdirir: "Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələrin reallaşması aktual idi, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var: Həm Ukrayna hadisələrinə görə Rusiyanın, həm də Fətullah Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə Türkiyənin ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə və Rusiya strateji tərəfdaşa çevrilirlər".
E.Şahinoğlu hesab edir ki, Türkiyə NATO üzvlüyündən çıxmayacaq, ancaq Rusiya ilə ən sıx əlaqəsi olan NATO ölkəsinə çevriləcək: "Ankara NATO çərçivəsində əməkdaşlıqdan narazıdır. Türkiyə NATO ölkələri ilə birgə hərbi istehsalı gücləndirə bilmir. Çünki NATO ölkələri müasir hərbi texnologiyaları Türkiyəyə vermirlər. Ona görə də Türkiyə NATO xaricindəki dövlətlərlə hərbi əməkdaşlıq strategiyasını reallaşdırmağa çalışır. Bu mənada Türkiyə Rusiya ilə birgə hərbi istehsala maraq göstərir. Ərdoğan Putinlə görüşdə belə bir cümlə işlətdi: "FETÖ (Fətullahçı Terror Təşkilatı) Türkiyə ilə Rusiyanın arasını pozmaq istəyirdi". Bununla Ərdoğan, əslində, Qərbin Türkiyə-Rusiya əməkdaşlığında maraqlı olmadığına işarə vurdu. Çünki Türkiyədə belə bir inam var ki, Fətullah Gülənin arxasında Qərbin maraqlı dairələri dayanır".
Bununla yanaşı, ekpertin sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşmasına baxmayaraq, iki ölkə arasında problemli mövzu qalır - Suriya: "Moskva Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Ankara isə Suriyada Əsədin prezidentliyi dövründə sülhün mümkün olmayacağına inanır. Buna baxmayaraq, Ankara əvvəlki illərdə olduğu kimi Suriya mövzusuna görə Kremllə dərin fikir ayrılığı yaşamaq istəmir. Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan keçmiş aylarda olduğu kimi Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etmir. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmazdan bir gün əvvəl İTAR-TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Halbuki, əvvəlki aylarda Ərdoğan "Rusiyanın Suriyada nə işi var?!" sualını səsləndirirdi. Ərdoğanın ritorikası dəyişir. Suriya məsələsində türkiyəli və rusiyalı hərbçilər və diplomatlar təmasları genişləndirəcəklər, ortaq komissiya quracaqları gündəmdədir. Əsas vəzifə Suriyada İŞİD terror qruplaşmasını neytrallaşdırmaqdır. Bu məsələdə Ankara Kremlin mövqeyi ilə razıdır".
O, Ərdoğanın Putinlə görüşdə irəli sürdüyü Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlıq formatının yaradılmasının perspektivini də dəyərləndirib: "Türkiyə regional əməkdaşlıqda üçtərəfli formatlara üstünlük verir. Məsələn, buna oxşar başqa formatlar var: Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan. Ərdoğan təklif etdiyi formatda İranın da iştirakını mümkün sayır. Bu, o deməkdir ki, Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyi istisna deyil. Ərdoğanın hazırkı şərtlər daxilində yaxın müddətdə nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə səfəri mümkündür".
Mərkəzin rəhbərinin qənaətincə, bölgədə yeni güclü bir birlik də yarana bilər: "Rusiyanın məşhur siyasətçisi, liberal-demokrat Vladimir Jirinovski bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşdıracağı proqnozunu verib. Bu təklif reallıqdan elə də uzaq deyil. Avropa Birliyi 53 ildir Türkiyəni üzvlüyə qəbul etmir, illərin strateji müttəfiqi ABŞ Türkiyənin terrorçu adandırdığı şəxsi müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре