Müəllif: Həmin sözlər təsadüfən kitaba salınmayıb

"8-ci sinfin Azərbaycan dili dərsliyi yazılmamışdan əvvəl standartları öyrəndik. Auditoriyanın səviyyəsini nəzərə alaraq kitabları hazırladıq. Uşaqların özləri ilə danışıb həmin sözləri dərsliyə saldıq. Yəni, həmin sözlər təsadüfən kitaba salınmayıb"

"Report"-un məlumatına görə, bunu 8-ci sinfin Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olan Samirə Bektaşi bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərslik yazılarkən uşaqların bugünkü danışığını götürüb onları müasir formada dərsliyə köçürmək qərarı verilib: 

"İstəmişik ki, məktəblilərin gözəl nitq danışığını formalaşdıraq. Mətn demək olar ki, eyni məzmundadır. Mətnin sonunda da tövsiyə etmişik ki, lazımi söz və ifadələrdən nitqinizi təmizləyin. Əsas iş müəllimin üzərinə düşür ki, şagirdə hansı danışıq dilində danışmağı öyrədəcək. Bu yolda şagirdlərin nitq fəaliyyətini və mədəniyyətini öyrətmək üçün düzgün istiqamət seçmişik".

O, həmçinin qeyd edib ki, dərsliyi yazarkən qabaqcıl ölkələrin təcrübəsi ilə maraqlanmışıq:

"Misal olaraq, Moskvada 6-cı sinifdən bu kimi jarqonlardan istifadə olunur. Niyə Azərbaycanda bundan qaçmalıyıq? Halbuki yeniyetmələrimiz adi danışıqlarında bu sözlərdən istifadə edirlər".

Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə dərsliklərlə bağlı sosial şəbəkələrdə yer alan fikirlərə münasibət bildirərkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, 8-ci sinif dərsliyində də buna oxşar və fərqli kontekstdə işlədilən nitq məsələləri ilə bağlı fikirlər yer alıb:

"Səhv fikir formalaşıb ki, ədəbiyyatla Azərbaycan dili sintez olunmalıdır. Sovet dövründə elmin əsaslarını gündəmə gətirmişdilər. Bu gün isə nitq fəaliyyətinin öyrədilməsini şagirdə aşılamağı hədəf seçmişik. Dərslikdə canlı danışıq dilində istifadə olunan sözlər yer alıb. Bu da şagirdə danışıq və davranışda bir mədəniyyət anlayışını öyrədir. Mətndən görünür ki, kobud və adi məişət dilində danışan şagird tənbəl şagirddir. Biri küçədə gəzməyə üstünlük verirsə, digəri oxumağa maraq göstərir. Bu cür danışıq hər kəs tərəfindən qəbul olunmayan danışıqdır. Şagirddə də məhz bu öyrədilir.

Bəziləri hesab edir ki, müəllif mətni bura təsadüfən yalnış olaraq salıb. Mətn dərsliyə standartlara uyğun olaraq salınıb. Həmin dərsliklər nazirliyin və TQDK-nın kifayət qədər ekspertizasının nəzarətindən keçir. Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi olaraq həmin fənlərin dərsliklərini diqqətlə oxuyuram. Dil elə hadisədir ki, burada nəyisə haradasa işlətməyi heç kimə qadağan edə bilmərik. Ona görə də cəmiyyət bilməlidir ki, bu kimi sözlər adi həyatda səsləndirilir".