Professor oğlu xaricdə təhsil adı ilə 200 min manatlıq dələduzluq etdi - TƏFƏRRÜAT - FOTO

Day.Az представляет новость на азербайджанском языке
Professor oğlu, xaricdə təhsil şirkətinin rəhbəri olan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.
Day.Az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Quliyev Emin Vaqif oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.
Belə ki, 2017-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baş tutan prosesdə Emin Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri olmuş Emin Quliyev vətəndaşlardan külli miqdarda pul alıb və onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib.
Emin Quliyev 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Cinayət işində 6 zərərçəkmiş var.
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyevin oğlu Emin Quliyev 2017-ci ilin iyul ayının ortalarında DİN-in BAŞ Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkmiş Elçin Şahid oğlu Qocayev bildirib ki, "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri Emin Quliyev ondan bir ay əvvəl 14 min ABŞ dolları alaraq, Londonda təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Lakin şikayətçinin sözlərinə görə, Emin Quliyev nə ona vəd etdiyi xidmətləri göstərib, nə də ondan aldığı pulu indiyə kimi qaytarmayıb. "İyulun 11-də biz Emin Quliyevlə onun ofisində görüşdük. O, iyulun 14-nə qədər mənim pulumu geri qaytaracağına dair "dilindən kağız" imzaladı. Həmin bildirişdə Emin Quliyev yazmışdı ki, iyulun 14-dək pulu geri qaytarmasa, dələduzluq etdiyinə dair cinayət məsuliyyətinə cəlb olunacağını dərk edir.
İyulun 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən mənə zəng gəldi. Öyrəndim ki, Nailə Əkbər qızı Nəsirova adlı vətəndaşın dələduzluqla bağlı şikayəti üzrə Emin Quliyev MCMİ tərəfindən həbs olunub. MCMİ-nin istintaq şöbəsinin rəis müavini Fikrət Quliyev məsələ ilə maraqlandı və mənə də ərizə ilə şikayət etməyi təklif etdi. Emin Quliyev də orda üzləşdirilərkən, mənim iddialarımı təsdiqlədi. Lakin mənə Emin Quliyevin həbs edilməsindən çox, pulumun təcili qaytarılması maraqlı idi, çünki təhsilimin dalınca, Londona getməliyəm. Ona görə də, Eminin atası Vaqif Quliyevin Azadlıq Prospektində olan mənzilinə gedərək, onunla danışmağa cəhd etdim. Ondan xahiş etdim ki, tez bir zamanda mənə dəyən ziyanı oğlunun yerinə qarşılasın, çünki xaricdə təhsilim üçün vaxt itirirəm. Lakin Vaqif Quliyev mənə dedi ki, "Emin bilər, sən bilərsən, get pulunu ondan istə".
Vaqif Quliyev mənimlə çox arxayın və laqeyd danışırdı. Emin mənə atasının neçə yerdə mənzili, hətta Londonda evi olması barədə bildirmişdi. Vaqif Quliyevin bu arxayın və laqeyd davranışını görəndən sonra, mən də gedib MCMİ-də şikayət ərizəsi yazdım", - deyə E.Qocayev bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре