Konstitusiya müddəalarını elə təfsir etməliyik ki, Azərbaycanın beynəlxalq öhdəliklərini pozmayaq

Konstitusiya müddəalarını elə təfsir etməliyik ki, Azərbaycanın beynəlxalq öhdəliklərini pozmayaq.

Day.Az xəbər verir ki, bu sözləri Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov bu gün Bakıda "Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, konstitusiya beynəlxalq müqavilələrdən də üstündür:

"Əlbəttə, bu, təkcə Azərbaycanda deyil, bütün Avropa ölkələrində belədir. Bununla bağlı hətta bəzən belə bir məsələ ortaya çıxır ki, Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Məhkəməsinin qərarları, Avropa ölkələrinin Konstitusiyasında qarşılıqlı münasibətlilik necə olmalıdır.

Biz konstitusiya müddəalarını elə təfsir etməliyik ki, Azərbaycanın beynəlxalq öhdəliklərini pozmayaq. Axı biz beynəlxalq öhdəliklərə sadiq olduğumuzu göstərmişik. Biz beynəlxalq hüquqa uyğun münasibətlərimizi qururuq. Hər bir müddəanın məna yükü var. Konstitusiya preambulası da təfsir zamanı nəzərə alınmalıdır".

"Əlbəttə, konstitusiya üstündür, bunu heç kim inkar edə bilməz. Amma çalışılmalıdır, elə təfsir edilsin ki, ziddiyət yaranmasın və ya ziddiyət minumuma ensin. Burada harmonik yanaşma əsas götürülməlidir.

Eyni zamanda, burada beynəlxalq münasibətlərdə qloballaşmanın inkişaf etdiyi bir dövrdə ümumbəşəri dəyərlərə sadiqlik göstərdiyimizi nəzərə almalıyıq", - L.Hüseynov vurğulayıb.

"Çox maraqlıdır ki, Azərbaycan Konstitusiyasında dəyişilməsi mümkün olmayan müddəalar var. Onlar heç referenduma çıxarılmaz, çıxarılsa belə, konstitusiya məhkəməsi veto qoyacaq.

Elə məsələlər var ki, xalq onu müəyyən edib və o məsələlər, müddəalar Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyır. Bu məsələlər dəyişdirilə bilməz.

Təəssüf ki, konstitusiyamızın hüquqi sənəd olduğunu çox zaman yaddan çıxarırıq. Amma Konstitusiyanın özü qanundur, hüquqdur, məcburi müddəalardır. Konstitusiya yalnız Konstitusiya Məhkəməsi tərəfindən tətbiq oluna bilməz", - deyə L.Hüseynov qeyd edib.