Azərbaycandan Türkiyəyə “yaşıl enerji” ixracı üzrə layihələr dəyərləndirilir

Maraq olduğu təqdirdə Türkiyədə Azərbaycanın ticarət evlərini də açmaq mümkün ola bilər, lakin buna məhz türkiyəli iş adamları da təşəbbüs göstərməlidirlər.

Bunu Trend-ə müsahibəsində Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev deyib.

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin 2023-cü ildən fəaliyyət göstərdiyini xatırladan nümayəndə bildirib ki, qarşıya qoyulan vəzifələrdən ən önəmlisi türkiyəli iş adamlarını, investorları Azərbaycana gələrək burada iş qurmağa, investisiya etməyə cəlb etməkdir: "İkinci məqam, Azərbaycanın mal və xidmətlərinin Türkiyədə həm tanıdılması, həm də satışı üçün müvafiq xidmətlərdən istifadənin təmin edilməsidir. Digər önəmli məsələ isə, iki ölkə arasında texnoloji transferin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın qurulmasıdır. Əlbəttə, imkan olduqca hər iki ölkədən fərqli şirkətlərin və ya iş insanlarının 3-cü ölkələrdə birgə fəaliyyət göstərməsi istiqamətində də fəaliyyət göstəririk".

T. Tağıyevin sözlərinə görə, indiyədək Türkiyə iş adamlarının 30-dan artıq Azərbaycana səfəri təşkil edilib: "Bu missiya çərçivəsində 200-dən çox iş adamı Azərbaycana səfər edib. Fərqli sahələr üzrə onlardan bəziləri artıq Azərbaycanda fəaliyyətə başlayıb, bəziləri isə həm yerli tərəfdaşları ilə, həm də təkbaşına biznes planlarının üzərində çalışırlar. İnanırıq ki, onlar da ən qısa zamanda fəaliyyətə başlayacaqlar. Məsələn, bizim vasitəmizlə Azərbaycana gəlmiş Türkiyə şirkəti ötən gün burada Türkiyə sərmayəli şirkət qurdu. Onlar burada innovativ xidmət göstərməyi nəzərdə tuturlar.

Bununla yanaşı, biz özümüz də Türkiyənin müxtəlif regionlarına səfərlər edirik. Bugünədək ölkənin 20-dən çox bölgəsinə səfər etmişik. Orada fəaliyyət göstərən ticarət, sənaye palataları ilə əməkdaşlıq çərçivəsində iş adamları ilə bir araya gəlmişik. Onlara Azərbaycandakı imkanları, dövlət tərəfindən təqdim edilən güzəşt mexanizmlərini, eləcə də bu kimi digər fürsətləri təqdim etmişik. Əlbəttə ki, bu danışıqlarda Qarabağ və Şərqi Zəngəzur regionları xüsusilə qeyd olunur. Türkiyəli iş adamlarını həmin regionlarda yaradılmış şərait və güzəştlərlə məlumatlandırırıq.

Daim bildiririk ki, Azərbaycan sadəcə güzəştlər təqdim etmir, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən müvafiq qurumlar, məsələn, Azərbaycan Biznesinin İnkişafı Fondu həm güzəştli kreditlər, həm də ortaqlıq mexanizmi də təklif edir. Bu, hər zaman türkiyəli iş adamlarının diqqətini cəlb edir və artıq bundan yararlanan və ya yararlanmağı düşünənlər də var. Hazırda Azərbaycana bizim vasitəmizlə gələn hər bir Türkiyə şirkəti Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə görüşlər keçirir".

 

Ticarət nümayəndəsi eyni zamanda vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında müvafiq güzəşt və mexanizmlərlə bağlı türkiyəli iş adamları məlumatlandırılır: "Bildiririk ki, Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət anlaşması var və bu, 280 milyonluq nüfuza sahib olan böyük bir bazara çıxış deməkdir. Eyni zamanda ölkəmizin həm Türkiyə, həm də Pakistanla Preferensial Ticarət Sazişi mövcuddur. Bu anlaşmalar çərçivəsində sözügedən ölkələrdə həmin sazişdə qeyd olunan məhsullar üzrə sahibkarlar bazara çıxış əldə edə bilərlər. Yəni gömrük rüsumu və vergi olmadan öz məhsulunu Azərbaycanda istehsal edən sahibkarlar bu geniş bazarlara mal və xidmətlərini təqdim edə bilərlər".

Tamerlan Tağıyev iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin mümkün ola biləcəyini də istisna etməyib: "Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə, eyni zamanda buraya yeni məhsullar əlavə edilə bilər. Sənəddəki məhsulların siyahısı hər bir ölkənin prioritetlərinə uyğun tərtib edilib və bu siyahı yenidən nəzərdən keçirilə, eyni zamanda genişləndirilə bilər. Bu xüsusda onu da qeyd edim ki, Sərbəst Ticarət Sazişi haqqında da Türkiyə ilə Azərbaycan arasında danışıqlar aparılır. Bu anlaşmanın baş tutacağına ümid edirik".

Nümayəndə eyni zamanda Azərbaycanla Türkiyə arasında bərpa olunan enerji, xüsusən də enerji ixracı amillərindən də bəhs edib: "COP29 zamanı "yaşıl enerji" sahəsində böyük uğurlar əldə edildi. Türkiyəli iş adamları da Azərbaycanın bu tədbirdəki rolunu çox yüksək qiymətləndirdilər. Eyni zamanda məlumdur ki, COP31 Türkiyədə keçiriləcək və orada "yaşıl enerji"yə keçid üzrə mühüm danışıqlar aparılacaq. Türkiyədə kifayət qədər bu istiqamətdə fəaliyyət göstərən şirkət var. Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerjinin istehsal olunaraq Türkiyə və digər bazarlara ixrac edilməsi istiqamətində bir çox şirkət bizə müraciət edib. Hazırda layihənin dəyərləndirilməsi üzərində işlər görülür. Eyni tip layihələri Qarabağ bölgəsində də həyata keçirmək istəyən şirkətlər var.

Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətin 15 milyard dollara çatdırılması kimi hədəf qoyulub. Biz də Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi olaraq bu istiqamətdə öhdəliyimizə düşən işləri reallaşdırırıq".

Türkiyə bazarının kifayət qədər zəngin olduğunu hesab edən ticarət nümayəndəsi hesab edir ki, Azərbaycanın bəzi malları, xüsusən də Preferensial Ticarət Sazişinə daxil edilmiş mallar Türkiyə bazarına gömrüksüz girə bildiyi üçün həmin bazarda rəqabətli ola bilər: "Ona görə də bu gün əsasən malları həmin sazişdə öz əksini tapan sahibkarları Azərbaycana dəvət etmişik. Eyni zamanda Türkiyədən alıcı missiyası da təşkil edilib. Həmin qonaqlar ölkələrində böyük market şəbəkələrinə mallarını tədarük edən və ya Azərbaycanın Türkiyədə ticarət evlərinin açılmasını istəyən türkiyəli iş adamlarıdır. Yeri gəlmişkən, maraq olduğu təqdirdə Türkiyədə Azərbaycanın ticarət evlərini də açmaq mümkün ola bilər, lakin buna məhz türkiyəli iş adamları da təəşəbbüs göstərməlidirlər. Bu təşəbbüsü onlarda oyatmaq üçün əlimizdən gələni edirik".

Tamerlan Tağıyev Zəngəzur dəhlizinin reallaşmasının iki ölkənin ticarət əlaqələrinə təsirlərindən də danışıb: "Zəngəzur dəhlizinin açılması və fəaliyyətə başlaması ilə Azərbaycan və Türkiyə arasında məsafə xeyli qısalacaq ki, bu da çox önəmli bir göstəricidir. Çünki logistika ticarətdə çox böyük əhəmyyət kəsb edir. Burada həm zaman, həm rahatlıq, həm də dəyər məsələsi önə çıxır. Logistika xərcləri malın dəyərinə, onun rəqabətli olmasına təsir edir. Zəngəzur dəhlizi açıldıqdan sonra daha böyük canlanma baş verəcək və biz bu barədə artıq indidən türkiyəli iş adamlarına məlumat veririk, bu fürsətləri indidən dəyərləndirməyə çağırırıq. Biz onu da deyirik ki, sadəcə bir neçə il bundan öncə fəaliyyətə başlamış Ağdam Sənaye Parkı artıq 70% dolub. Bu o deməkdir ki, fürsəti indidən dəyərləndirmək lazımdır".

Ticarət nümayəndəsi qarşıdakı il üzrə hədəflərə gəlincə isə bunları qeyd edib: "Fəaliyyətimizi qiymətləndiririk. Hansı istiqamətlərə daha çox önəm verməli olduğumuzu dəyərləndiririk. Türkiyənin müxtəlif regionlarının həm istehsalat, həm də ticarət nöqteyi-nəzərdən çoxşaxəli fəaliyyəti var. Biz də gələn il Türkiyənin digər regionlarına da səfər etməyi, Azərbaycanın yaratdığı imkanları, fürsətləri təbliğ etməyi hədəfləyirik. Türkiyəli iş adamlarının Azərbaycana səfərlərini təşkil etmək əsas öhdəliyimizdir. Türkiyədəki sənaye, ticarət palataları ilə iş birliklərini daha da genişləndirmək və bizim ixrac potensialı olan şirkətlərlə bugünkü kimi daha çox bir araya gəlməyi planlaşdırırıq. Eyni zamanda texnoloji həllər istiqamətində əməkdaşlığın genişləndirilməsi və bu kimi digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".