Azərbaycan pandemiyanın bitməsinin astanasında - TƏHLİL

Azərbaycanda epidemioloji vəziyyət gözlənilən və ürəkaçan nəticələr verir. Mövcud vəziyyətə nəzarət artıq öz müsbət nəticələrini göstərir.
Belə ki, koronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda COVID-19 infeksiyası ilə bağlı açılan modul tipli xəstəxanaların və pandemiya müəssisələrindən çoxunun fəaliyyətinin dayandırıldığı bildirilib.
TƏBİB bildirib ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.
Bildiyimiz kimi, sözügedən xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Bu da onun nəticəsidir ki, ölkədə son vaxtlar koronavirusa yoluxma sayında ciddi müsbət dəyişikliklər baş verir.
Ölkədə sutka ərzində COVID-19 statistikasına əsasən həm yoluxanların, həm də ölənlərin sayı azalır.
Azərbaycanda epidemioloji vəziyyətə nəzarət sahəsində atılan addımlar və COVID-19 pandemiyası ilə mübarizə öz effektivliyini verib. Beləliklə də, artıq bu xəstəxanalar getdikcə fəaliyyətini dayandırır.
Qeyd edək ki, daha əvvəl ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Qərara əsasən pandemiyaya görə qoyulan bir sıra qadağalar götürülüb.
Karantin rejiminin yumşaldılması ilə əlaqədar qəbul edilən ən son qərara əsasən, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.
Eyni zamanda mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları və 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyət ləğv edilir.
Bununla yanaşı keçdiyimiz günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq 2-3 aprel tarixlərindən etibarən stadionlarda azarkeş tutumunun tam dolmasına, yəni 100% olmasına icazə veriləcək.
Hətta onu da qeyd edək ki, rəsmi olaraq bununla bağlı hər hansı bir qərar qəbul edilməsə də, karantin rejiminin yumşaldılmasından sonra bəzi universitetlərdə dərslər və mühazirələr tam olaraq ənənəvi formada keçirilir.
Görülən tədbirlər onu göstərir ki, artıq pandemiyanın bitməsinin astanasındayıq.
Ümid edirik ki, yaxın günlərdə tətbiq olunan qadağaların ləğvi ilə bağlı görülən tədbirlərin və atılan addımların davamını görəcəyik.
Lakin xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tibbi maskadan istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.
Nuranə Tofiqli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре