"Problem Azərbaycanın xeyirinə həll olunacaq, Bakı mədənlərdə monitorinqə başlayacaq"

Azərbaycan QHT-lərinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya Ermənistanda geniş müzakirələrə səbəb olur.

Day.Az xəbər verir ki, mövzu ilə əlaqədar "Hraparak" nəşrində diqqətçəkən məqalə dərc olunub.

Məqalədə vurğulanıb ki, Rusiya Azərbaycanla ehtiyatlı davranır.

"Azərbaycanın tərəfinin tələbi başadüşüləndir. Bakı Drombon və Kaşin mədənlərində monitorinq aparmaq hüququna malikdir. Qarabağ tərəfi isə xalq səviyyəsində buna imkan verməməyə çalışır. Hələlik Rusiya sülhməramlı qüvvələri neytrallığı qorumağa və vəziyyətin nəzarətdən çıxmasına imkan verməməyə çalışır. Eyni zamanda, Rusiya tərəfi üçün vacibdir ki, bir tərəfdən sülhməramlı missiyanın həyata keçirilməsinə, digər tərəfdən isə Rusiya-Azərbaycan münasibətlərinə mane olacaq hadisələr olmasın. Rəsmi İrəvan, əslində, heç nə edə bilməz. Bakı elan edir ki, Rusiya sülhməramlıları ilə yuxarıda adı çəkilən mədənlərdə monitorinqlərin aparılması üçün ilkin danışıqlar aparılıb. Yəni Rusiya tərəfi azərbaycanlı mütəxəssislərin sülhməramlıların məsuliyyət zonasına daxil olacağını əvvəlcədən bilirdi".

Müəllif yazır ki, Azərbaycan mədənlərdə monitorinq keçirməyə nail olacaq: "Ola bilsin ki, yaxın vaxtlarda Putinlə Paşinyan arasında telefon danışığı olsun. Ondan sonra yəqin ki, sözügedən mədənlərdə monitorinqlərin aparılması məsələsi yüksək səviyyədə həllini tapacaq. Bu həll Ermənistanın xeyirinə olmayacaq".

Bakı və Ankaranın Moskva üçün önəminə toxunan müəllif yazıb ki, Rusiya Azərbaycanla münasibətlərə xüsusi önəm verir.

"Anti-Rusiya sanksiyaları fonunda Bakı Moskva üçün pəncərə rolunu oynayır. Belə bir vəziyyətdə çətin ki, Qarabağla bağlı problemli məsələlər Ermənistanın xeyirinə həll olunsun."

Elvin Səxavətoğlu