Rusiya KİV-ləri Azərbaycan Prezidentinin beynəlxalq forumda çıxışını geniş işıqlandırıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda çıxışı Rusiya mətbuatında geniş yayılıb.
AZƏRTAC xəbər verir ki, "News.ru" nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.
"İnterfaks" agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.
"Vestnik Kavkaza" agentliyi yazır ki, Prezident İlham Əliyev Qarabağın erməni əhalisinə Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməsi üçün seçim verildiyini bildirib. Azərbaycan Liderinin öz yurd-yuvasına qayıdan keçmiş qaçqın və məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə getməsi, separatçı rejimin başçılarının sülh prosesinə mane olmaları, indi isə Azərbaycanda məhkəmənin qərarını gözlədikləri barədə fikirləri də agentliyin materiallarında əksini tapıb.
"TASS" Agentliyi Prezident İlham Əliyevin çıxışına istinadla yazır ki, Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqına daxil olmaq məqsədi yoxdur, Azərbaycan dövləti əlaqələr qurmağın yollarını tapıb. Agentlik Azərbaycanın dövlət başçısının Ermənistanın sülh müqaviləsinin hazırlanmasına etinasız yanaşması, 6-7 səhifəlik sənədlə əlaqədar Azərbaycan tərəfinin şərhlərinə 70 günə cavab verməsi barədə dediklərini də oxucuların diqqətinə çatdırıb.
"Arqumentı nedeli" nəşri yazır ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan İrəvanla müharibəyə can atmadığını vurğulayıb və sülh müqaviləsinin bağlanması üçün Ermənistanda revanşist cəhdlərin olmayacağına zəmanət tələb edib.
"İzvestiya" qəzeti Azərbaycan Liderinin sentyabrında keçirilən antiterror tədbirlərinin 24 saat çəkdiyi, dinc əhaliyə heç bir ziyan dəymədiyi barədə dediklərinə diqqət çəkib. Qəzet, həmçinin Ermənistan ilə sülh müqaviləsi imzalanması üçün Azərbaycan tərəfinin zəmanət tələb etdiyini də vurğulayıb.
"Lenta.ru" nəşri yazır ki, Prezident İlham Əliyev keçmiş separatçı rejimin başçılarının əfv olması şərtini açıqlayıb. Azərbaycan dövlətinin başçısı vurğulayıb ki, onlar təslim olsaydılar, əfv edilərdilər. Əvəzində isə onlar Bakıya tanklarda daxil olacaqlarını deyirdilər, indi isə məhkəmənin qərarını gözləyirlər.
Bu ölkənin "Vedomosti", "TVC", "Qazeta.ru", "Pofile.ru", həmçinin bir çox digər nəşr və telekanalları da Azərbaycanın dövlət başçısının çıxışını geniş təhlil edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре