Makron Yeni Kaledoniyanın müstəqilliyinə niyə qarşı çıxır?

Müəllif: Elvin Səxavətoğlu

Fransa ölkədən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyanı nəzarət altında saxlamaq üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir.

Artıq Emmanuel Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.

Hərbçilərin sayının 1000 nəfər olması planlaşdırılır.

Belə bir qərara gəlinməsinin səbəbi isə Yeni Kaledoniyada mayın 13-də başlayan kütləvi ixtişaşlardır.

İxtişaşlara səbəb nədir?

Etirazın əsas səbəbi Fransanın bölgədə apardığı seçki islahatıdır. Belə ki, islahata əsasən, prezident Makron səsvermə hüququnu təkcə ada sakinlərinə deyil, həm də son 10 il ərzində orada məskunlaşmış çoxsaylı avropalılara vermək istəyir. 

Adanın yerli əhalisi isə buna etiraz edir. Yerli əhali Kanaklar düşünür ki, bu qanun qüvvəyə minərsə, Parisin adaya təsiri güclənəcək. Yerli əhali isə özünümüdafiə hüququnu itirəcək.

Qeyd edək ki, Yeni Kaledoniya uzun müddətdir ki, Fransadan ayrılmağa çalışır. İlk referendumlarda səslər demək olar ki, bərabər bölünüb. Arxipelaqın müstəqilliyinin tərəfdarları bu seçkiləri tanımayıblar, çünki bu referendumlar koronavirus nəticəsində ölənlərin matəm dövründə, 40 faiz iştirakla keçirilib.

Son 10 gündə baş tutan etirazlarda 10-a yaxın Yeni Kaledoniya vətəndaşının öldüyü, 200-ə yaxın şəxsin yaralandığı bildirilir.

Fransa adanı niyə əlində saxlamaq istəyir?

Yeni Kaledoniya adası təbii sərvətlərlə boldur. Ada müxtəlif növ balıqları, nikeli və digər yeraltı sərvətləri ilə məşhurdur.

Xüsusilə dünyadakı nikel ehtiyatının əhəmiyyətli hissəsi Yeni Kaledoniyadadır. Bu səbəbdən, Fransa Yeni Kaledoniyanın müstəqilliyi üçün keçirilən referendumlara qarşı çıxır, müdaxilə edir.

Paris narahatılıq içərisindədir

Bu gün dünyada baş verən proseslər göstərir ki, bir neçə il sonra beynəlxalq nizam yenidən formalaşacaq. Yəni artıq Qərb dövlətləri qlobal siyasətdəki idarəçiliklərini bölüşmək məcburiyyətində qalacaqlar. Çünki digər sivlizasiyalar dirçəlir və Qərbin hegemonluğuna ciddi müqavimət göstərməkdədirlər.

Məsələn, hazırda dünyada Rusiya-Çin-İran ittifaqı formalaşmaqdadır. Hər üç ölkə Qərbin təsir dairəsində olan bölgələrə nüfuz etməyə çalışır.

Çinin əsas hədəflərindən biri Cənub-Şərqi Asiyada və okeanlarda təsirini artırmaqdır. Yeni Kaledoniya da rəsmi Pekinin diqqətindədir. Yerli hökumətlə ciddi siyasi və iqtisadi əlaqələr qurmağa çalışıb. Bir növ istəyinə nail olduğunu da deyə bilərik.

Təbii ki, adaya illərdir nəzarət edən Fransa bu əlaqələrdən narahatdır. Artıq rəsmi Paris ixtişaşlarda xarici təsirlərin olduğunu da etiraf edib.

Çox ehtimal ki, Fransa hakimiyyəti yaxın gələcəkdə Qərbi qlobal təsirini itirəcəyini proqnozlaşdırdığı üçün Yeni Kaledoniyada seçki qanununu dəyişir və təsir gücünü artırır ki, kənar qüvvələrin təzyiqinə müqavimət göstərə bilsin.

Makronun səfəri etirazla qarşılandı 

Hətta məsələ o qədər ciddidir ki, prezident Emmanuel Markon iş qrafikini dəyişdirib və Yeni Kaledoniyaya səfərə edib. Çünki rəsmi Paris Yeni Kaledoniyadaki prosesləri nəzarətdə saxlaya bilməsə, hadisələr məcrasından çıxacaq və Fransanın digər kaloniyalarına yayılacaq.

Məlumata görə, Markonun adaya səfəri həm yerli əhali, həm də siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Bildirilir ki, Yeni Kaledoniya Parlamentinin üzvü, "Proqressiv Multikultural Yeni Kaledoniya" siyasi təşkilatının sədri Maria Isabella Salıga-Lutovıka Fransa Prezidenti Emmanuel Makrona sonuncunun Yeni Kaledoniyaya səfərinə etiraz olaraq müraciət ünvanlayıb. Maria Isabella qeyd edib ki, E.Makron Yeni Kaledoniyanı yenidən koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi Fransa tarixinə düşəcəyini zənn etsə də, Kaledoniyalılar talelərinin həddini aşmış və əcaib eqo siyasi oyununun qurbanı olması ilə razılaşmayacaqlar.

Görünən odur ki, Yeni Kaledoniyada müstəqillik mübarizəsi daha da genişlənəcək. Adanın Fransa əsarətindən çıxması uzunmüddətli proses ola bilər. Amma yerli əhalinin birləşməsini və Fransa əsarətinə etiraz etməsini, müstəqilliyə gedən yolda növbəti mərhələ adlandırmaq olar.