Ruslar çıxan kimi "Zvartnots"a enən sirli ABŞ təyyarəsi
Müəllif: Elvin Səxavətoğlu
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkədəki təsirlərini azaltmaq üçün sistemli planını icra etməklə məşğuldur.
Hakimiyyətə gəldikdən sonra dəfələrlə anti-Rusiya mövqeyi ilə gündəmə gələn Paşinyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində də, iclaslarında da iştirakdan imtina edib. Hətta bir çox hallarda Ermənistanın təşkilatdakı fəaliyyətinin dondurulduğu ilə bağlı fikirlər səsləndirir.
Avqustun 1-də isə Rusiya hərbçilərini "Zvartnots" hava limanından çıxarılması İrəvanın Moskvaya vurduğu növbəti zərbə oldu.
Ermənistan hakimiyyəti rus hərbçilərin hava limanından çıxarılmasını özlərinin təhlükəsizliyini təmin etmələri ilə izah edirlər. Bildirirlər ki, Ermənistan müstəqil dövlətdir və ərazisində, strateji obyektlərində xarici dövlətin hərbçilərini istəmirlər.
Xatırladaq ki, Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqının mülki missiyası xidmət aparır. Onların sayı 100 nəfərdən çoxdur. Həmçinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədləri Rusiya hərbçilərinin nəzarətindədir. Hava limanını tərk edən rus hərbçilər də Ermənistandan çıxmayıblar. Onlar ölkənin İran və Türkiyə ilə sərhəddində xidmət etməyə gediblər.
Ehtimal etmək olar ki, Paşinyan həmin hərbçilərin sərhəddə deyil, Moskvaya getməsini istəyərdi. Amma yəqin ki, Moskva rus hərbçiləri sərhəddə göndərməklə, rəsmi İrəvana ölkədən çıxmaq niyyətində olmadıqları mesajını çatdırdı.
Aydındır ki, Ermənistan bu addımları Qərbin diqtəsi və dəstəyi ilə atır.
Hava limanı ölkəyə giriş-çıxışın əsas strateji nöqtələrindən biridir. İndiyə qədər Rusiya hakimiyyəti demək olar ki, Ermənistana həm hava, həm də quru yolu ilə daxil olan bütün yüklərə nəzarət etmək imkanına malik idilər. Amma Paşinyan rusları "Zvartnots" hava limanından çıxarmaqla onların nəzarət imkanlarını məhdudlaşdırmış oldu.
Məsələn, artıq "Zvartnots"da Rusiya hərbçiləri olmadığı üçün Moskva ABŞ hərbi təyyarələrinin İrəvana hansı hərbi yüklər gətirdiyinə dair tam detalları əldə etməkdə çətinlik çəkə bilər.
Ümumi məlumat belədir ki, ABŞ-nin iki hərbi təyyarəsi sözügedən hava limanına silah və şəxsi heyət çatdırıb, Ermənistanı snayper tüfəngləri, gecəgörmə cihazları, rabitə vasitələri, zirehlər, mini-dron və minalarla təmin edib. Bundan əlavə, ABŞ Ermənistanın İranla sərhədində yerləşən uyğunlaşdırılmış silah və sursatlar, eləcə də İranın raket trayektoriyalarını izləmək üçün qurğular göndərib. Qurğuları erməni hərbi qulluqçuları kimi geyinmiş erməniəsilli ABŞ hərbi qulluqçuları idarə edəcəklər.
Amma hərbi yüklərlə bağlı detallar tam məlum deyil.
Çox ehtimal bu hərbi yardımla bağlı razılaşma ABŞ - Avropa İttifaqı - Ermənistan rəsmiləri arasında aprelin 5-də Brüsseldə keçirilən görüşdə əldə olunub və gizli saxlanılıb.
Proseslər göstərir ki, İrəvan Moskvanın ölkədən sıxışdırılmasına paralel olaraq, ABŞ-nın təhlükəsizlik çətiri altına daxil olur. Moskva isə Ermənistana hərbi və iqtisadi təzyiq imkanları olduğu halda hələ ki istifadə etmir.
Yəqin ki, Moskva Ukrayna məsələsinə görə səbr edir. Amma Ukrayna münaqişəsinin nə qədər müddət davam edəcəyi qeyri-müəyyəndir.
Bu qeyri-müəyyənlik fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı razılaşmalar var. Qısa müddət ərzində sülh müqaviləsi imzalansa, Ermənistandakı bütün Rusiya hərbçilərinin ölkədən çıxmasına ehtiyac yaranacaq. Çünki Rusiya hərbçiləri Ermənistana təhlükəsizlik qarantı kimi yerləşdirilib. Azərbaycanla sülh müqaviləsinin imzalanması isə Ermənistanın rahat nəfəs almasına gətirib çıxaracaq. Nəticədə Rusiya hərbçilərinə ehtiyac qalmayacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре