Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili" mövzusunda seminar keçirilib

Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda jurnalistlər üçün seminar keçirilib.

Day.Az xəbər verir ki, seminar COP29 Əməliyyat Şirkəti, Coca-Cola Azərbaycan və PwC Azərbaycan tərəfindən təşkil edilib.

Seminarda COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktor Nərmin Carçalova, həmçinin Coca-Cola şrkətinin Avrasiya və Yaxın Şərq üzrə İctimaiyyətlə Əlaqələr, Kommunikasiya və Davamlılıq üzrə baş direktor Elşad Fərzəliyev çıxış ediblər.

Seminarda müzakirə olunacaq mövzular arasında "Biznes mühitində paradiqm dəyişikliyini anlamaq", "Azərbaycanda ESG-nin hüquqi çərçivəsi bu gün", "ESG hesabatlarını necə oxumaq, anlamaq və təhlil etmək", eləcə də "Sənaye sektorundan ESG hesabatın təhlili" olub.

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf qeyd edib ki, məqsədimiz COP29-u bütün aspektlərdə maksimal dərəcədə effektiv etməkdir.

"Məqsədimiz və əsas niyyətimiz, hazırlıq mərhələsindən sonra, COP29 konfransını elə keçirməkdir ki, o, bütün aspektlərdə effektiv və nəticəyönlü olsun. Əlbəttə, bu məsələdə üzərimizə böyük məsuliyyət düşür. Arzu edərdim ki, bu günlərdə bütün qlobal araşdırmalar əlçatan olsun və KİV-lər tədbirin işıqlandırılmasında əsas rol oynasın. Kütləvi informasiya vasitələrinin nümayəndələri fəal şəkildə cəlb olunacaqlar və onlar üçün nəzərdə tutulmuş təhsil proqramları strategiyamızda mühüm yer tutur. Sevindirici haldır ki, artıq əsas təşkilatlar və nümayəndə heyətləri ilə işin təməli qoyulub," - o qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər COP29-da iştirak etmək üçün təxminən 3000 media nümayəndəsi qeydiyyatdan keçib.

"COP29 konfransı həm yerli, həm də beynəlxalq medianın diqqətini çəkir. Hazırda dünya mətbuatının 3 minə yaxın nümayəndəsi artıq qeydiyyatdan keçib. Onların arasında yerli media nümayəndələri də var. BMT-nin "mavi" zonasında işləmək üçün akkreditasiya oktyabrın 21-də başa çatır. Bundan əlavə, jurnalistlər üçün "yaşıl" zona üzrə akkreditasiya prosesi bu yaxınlarda başlayıb və oktyabr ayının sonunda başa çatacaq. Hazırda "yaşıl" zonada işləmək üçün 150-yə yaxın akkreditasiya müraciətimiz var", - o bildirib.

Onun sözlərinə görə, noyabrın 11-i COP29-un açılış günü, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək.

Onun sözlərinə görə, noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji/ Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü reallaşacaq. Noyabrın 17-də COP29-da heç bir tematik proqram nəzərdə tutulmayıb və istirahət günü olacaq.

Noyabrın 18-də İnsan kapitalı/Uşaqlar və Gənclər/ Sağlamlıq/Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya/Nəqliyyat/Turizm günü, 21-də Təbiət və Biomüxtəliflik/Yerli xalqlar/Gender Bərabərliyi/Okeanlar və Sahil Zonaları Günü keçiriləcək. Noyabrın 22-də isə yekun müzakirələr aparılacaq.