Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 83 nəfərdən ibarət 21 ailə doğma yurduna qovuşub.

Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır.Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.Ailələr açarları təhvil alıb və artıq öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb.

XXX

06:32

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb.

Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə - 141 nəfər köçürülüb.

Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 21 ailə - 83 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.