Cənazələrin təxminən nə vaxt təhvil veriləcəyi ilə bağlı bəzi məlumatlar verilib

Hadisə yerində Azərbaycan konsulluğu, diaspor nümayəndələri, diplomatik nümayəndələrimiz bu gün səhər saatlarından çox aktiv fəaliyyətə başlayıblar.

Bunu Trend-ə açıqlamasında ötən gün Rusiya Federasiyasının Yekaterinburq şəhərində qətlə yetirilən azərbaycanlıların qardaşı Seyfəddin Hüseynli deyib.

"Azərbaycandan da dövlətin xüsusi diqqəti oldu. Xarici İşlər Nazirliyi də bəyanat yaydı. Bundan sonra kimin harada saxlanılıb işgəncələrə məruz qalması, hətta cənazələrin təxminən nə vaxt təhvil veriləcəyi ilə bağlı bəzi məlumatlar verilib. Azərbaycanda dövlət qurumları şəxsən mənimlə əlaqə saxlayıblar, biz orada da dəstəyi hiss edirik. Mən ağır günümdə qürurla deyirəm ki, dövlətimizin qurumları orada insanlarımızın yanındadırlar. Bu dəstəyi orada hiss edirik", - deyə o bildirib.

S.Hüseynli əlavə edib ki, Rusiya tərəfi cənazələrin göndərilməsi ilə bağlı əvvəl məlumat verməyib:

"Sadəcə bu gün məlumat verdilər. Dedilər ki, bu gün ərzində axşamadək, daha sonra isə sabah və hətta ondan sonra da saxlamaq ehtimalı var. Müəyyən sənədləşmə prosesi olmalıdır. Yəqin ki, yaxın 1-2 gündə reallaşa bilər".

S.Hüseynli qeyd edib ki, hazırda Bakıdadır, qardaşları, qohumları isə digər soydaşlarımız kimi Yekaterinburqda yaşayıblar.

"Daha əvvəl qardaşlarıma qarşı da heç bir təhlükə olmayıb. Onlarla iki gün bundan əvvəl deyib gülərək danışmışam. Heç bir təhükə, təhdid, hədədən söhbət gedə bilməz. Nümunəvi dinc vətəndaş olublar. Diaspor nümayəndəsi kimi bacardıqca Azərbaycanın mənafeyini də qoruyublar. Rusiyaya da nümunəvi vətəndaşlıq ediblər, orada özləri, övladları hərbi xidmət keçibər. Bu, Rusiya dövlətinin bu məsələni azərbaycanlılar arasında kriminal bir hadisəyə çevirmək cəhdidir", - deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar Seyfəddin Hüseynlinin qardaşlarıdır.