Tranzit marşrutların inkişafında Prezident İlham Əliyevin liderliyi:

Müəllif: Maryana Əhmədova

Mənbə: Trend

Azərbaycan mühüm nəqliyyat və enerji qovşağı qismində öz mövqeyini sürətli şəkildə möhkəmləndirməyə davam edərək, Şərqlə Qərb arasında bağlayıcı halqaya çevrilməkdədir. Bu prosesdə uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aparıcı rol oynayır. Onun strateji baxışı, qətiyyəti və sistemli fəaliyyəti sayəsində ölkə müasir, səmərəli və qarşılıqlı inteqrasiya olunmuş infrastrukturun yaradılmasında böyük uğurlar qazanıb. Dövlət başçısının bilavasitə rəhbərliyi altında Azərbaycan milli sərhədləri aşan və qlobal logistika və enerji zəncirlərinin bir hissəsinə çevrilən layihələr həyata keçirir.

Dövlətin xarici siyasət və iqtisadi kursunda bu istiqamətə xüsusi diqqət 19 iyulda Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakçılarla görüşündə göstərildi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərlə keçirilən bu görüşdə dövlət başçısı tranzit, beynəlxalq əməkdaşlıq, infrastruktur əlaqəliliyi və Azərbaycanın mərkəzində yer tutduğu strateji marşrut - Orta Dəhlizin perspektivləri ilə bağlı məsələlərə ətraflı şəkildə toxundu.

Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat potensialına xüsusi diqqət çəkərək əsas prioritetləri qeyd etdi. Bu prioritetlərə Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən dəmir yolu, dəniz və enerji dəhlizlərinin inkişafı daxildir. Dövlət başçısı çıxışında bunun təkcə daxili layihələr deyil, bütövlükdə regionun rifahına xidmət edən genişmiqyaslı fəaliyyət olduğunu vurğuladı.

Son illərin ən mühüm nailiyyətlərindən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində, xüsusilə Gürcüstan ərazisində yerləşən 184 kilometrlik hissədə infrastrukturun müasirləşdirilməsidir. Azərbaycanın səyləri nəticəsində bu hissənin yükötürmə qabiliyyəti beş dəfə artırılaraq illik 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu addım əsas tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradıb.

Bu yaxınlarda "Azərbaycan Dəmir Yolları" QSC ilə "Çin Dəmir Yolları" Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Xəzər dənizi vasitəsilə konteyner daşımalarının genişləndirilməsini, liman və dəmir yolu infrastrukturunun inkişafını, gündəlik 10 blok qatarın hərəkətini nəzərdə tutur. Bu isə Azərbaycanın Orta Dəhlizdəki mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş olacaq.

Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çin ilə əməkdaşlığı ardıcıl olaraq dərinləşdirir. Prezident İlham Əliyev qeyd edib ki, ölkənin nəqliyyat-logistika infrastrukturu artıq bu genişmiqyaslı layihəyə inteqrasiya üçün tam hazırdır.

"Bu istiqamətdə böyük potensial var. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner qatarları göndərilir. Onların sayı ildən-ilə, özü də onlarla faiz artmaqdadır. Hesab edirəm ki, yaxın gələcəkdə bu rəqəmlər bir neçə dəfə artacaq. Biz Çin Xalq Respublikasının Sədri Si Cinpinin 'Bir kəmər, bir yol' təşəbbüsünü əvvəldən dəstəkləmişik və bu təşəbbüs çərçivəsində ölkəmizin ərazisində uyğun nəqliyyat-logistika infrastrukturunu yaratmışıq", - deyə dövlət başçısı bildirib.

Analitiklərin hesablamalarına görə, Orta Dəhliz vasitəsilə tranzit son üç ildə beş dəfədən çox artaraq 2021-ci ildəki 840 min tondan 2024-cü ildə 4,5 milyon tona çatıb. Son bir ildə artım 62% təşkil edib və layihə iştirakçıları bu göstəricini 2030-cu ilə qədər 10 milyon tona çatdırmağı hədəfləyir. Azərbaycan bu marşrutda mərkəzi halqaya çevrilərək Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrinə Şimal Dəhlizinə alternativ həyat qabiliyyətli yol təqdim edir.

Bu proseslərə Mərkəzi Asiyada aparılan infrastruktur quruculuğu da dəstək verir - xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti. Bu istiqamət artıq bu gün Xəzər üzərindən Azərbaycana yeni yük axınlarını formalaşdırır.

"Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq", - deyə Prezident İlham Əliyev bildirib.

Bakı üçün genişmiqyaslı strategiyanın daha bir mühüm elementi enerji dəhlizlərinin, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində inkişafıdır. 2023-cü ildə COP28 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Mərkəzi Asiyadan Avropa istiqamətində "yaşıl" elektrik enerjisinin ixracını mümkün edəcək Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsi barədə saziş imzalayıblar.

Bu layihə, Azərbaycan ilə Rumıniya, Macarıstan və Gürcüstanın birgə həyata keçirdiyi, Qara dənizin dibi ilə çəkilən kabel layihəsini tamamlayır. Beləcə, Azərbaycan nəqliyyat və enerji sahələrində Mərkəzi Asiyadan Avropa İttifaqına qədər uzanan regionlar arasında bağlayıcı halqaya çevrilir.

Prezident İlham Əliyevin diqqət çəkdiyi digər strateji istiqamət isə Zəngəzur dəhlizi oldu. Azərbaycanın öz ərazisində dəmir yolunun tikintisi demək olar ki, yekunlaşmaq üzrədir və proqnozlara görə, 2026-cı ilin yazına qədər bu hissə istismara hazır olacaq. Yolun ilkin yükötürmə qabiliyyəti ildə 15 milyon ton həcmində qiymətləndirilir.

"Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır", -deyə dövlət başçısı vurğulayıb.

Azad edilmiş ərazilərdə aparılan daxili infrastruktur layihələrinə də xüsusi diqqət yetirilir. Belə ki, Füzuli yolunda ümumi uzunluğu təxminən 80 kilometr olan yeddi tunel inşa edilib. Onlardan ən uzunu - 11 700 metr uzunluğa malik Murovdağ tuneli - dünyanın ən iri tunellərindən biri olacaq. Ağdama qədər dəmir yolu artıq istismara verilib, yaxın günlərdə isə Ağdam-Xankəndi xəttinin təməli qoyulub.

Bu layihələr yalnız azad edilmiş ərazilərlə birbaşa əlaqəni bərpa etməyəcək, həm də onları ölkənin və regionun vahid iqtisadi və nəqliyyat sisteminə inteqrasiya edəcək.

Prezident İlham Əliyev vurğulayıb ki, heç bir nəqliyyat layihəsi iki əsas şərt olmadan tam gücü ilə işləyə bilməz - bunlar təhlükəsizlik və mehriban qonşuluq münasibətləridir.

"İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur", -deyə Prezident İlham Əliyev bildirib.

Bu gün Azərbaycanın tranzit potensialı sabit şəkildə artır və bu, ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısının şəxsən iştirakı, uzaqgörənliyi və praqmatik yanaşması ölkəyə təkcə infrastrukturunu müasirləşdirməyə deyil, həm də qlobal və regional nəqliyyat və enerji təşəbbüslərinin mühüm iştirakçısına çevrilmək imkanı verib.

Azərbaycan təkcə tranzit ölkəsi deyil, həm də qitələri birləşdirən etibarlı tərəfdaşdır. Dəqiq düşünülmüş siyasət, diplomatik səylər və məqsədyönlü investisiyalar sayəsində Bakı bu gün Avrasiya məkanında qarşılıqlı əlaqəlilik üçün yeni arxitekturanın formalaşdırılmasında əsas rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə logistika axınlarının və enerji marşrutlarının mərkəzinə çevrilməkdə davam edəcək və bütün region üçün uzunmüddətli və davamlı inkişafın tempini müəyyənləşdirəcək.