Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-də beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans keçiriləcək.

Day.Az xəbər verir ki, konfransda Fransanın Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcək.

Konfransda Fransa tərəfindən "sabitlik və birgə gələcək" kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə ediləcək, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə ediləcək.

Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayacaqlar.

Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olacaq.

Konfransın sonunda birgə bəyanatın qəbul edilməsi gözlənilir.

Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriləcək.