İşsizlərə ŞAD XƏBƏR - Artırılır
2026-cı il üzrə işsizlikdən sığorta fondunun gəlirlərinin 238,3 milyon manat və işsizlikdən sığorta fondunun əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə 28,1 milyon manat olacağı proqnozlaşdırılır.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımların 236,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30,27 milyon manat və ya 14,67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3,03 milyon manat və ya 1,3 faiz çoxdur.
Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozu 51,9 mln. manat təşkil edir.
2026-cı ildə işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozunun 184,7 milyon manatı və ya 78 faizi qeyri-büdcə sektorunun payına düşür.
İşsizlikdən sığorta fondunun xərcləri
İşsizlikdən sığorta fondunun 2026-cı il üçün xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 5,7 milyon manat və ya 2 faiz, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 73,7 milyon manat və ya 38 faiz çoxdur.
İşsizliyə görə sığorta ödənişlərinin həcminin 2026-cı ildə 28,0 milyon manat məbləğində olması proqnozlaşdırılır. Bu məbləğ 2025-ci ilin göstəricisinə nisbətən 11,0 milyon manat və ya 65 faiz çoxdur.
Növbəti il üzrə ölkədə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsi kimi hazırlanması məqsədilə təşkil olunacaq peşə hazırlığı və əlavə təhsil tədbirləri üçün proqnozlaşdırılan xərclər 26 milyon manat təşkil edir. Bununla da, 17 500 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb olunması planlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 1 500 nəfər çoxdur. Bu çərçivədə peşə hazırlığının təşkili üçün 16,7 milyon manat, təqaüdlərin ödənilməsinə 7,9 milyon manat, beynəlxalq sertifikasiya kurslarına 0,5 milyon manat, peşə hazırlığının təbliğatı forumu üçün 0,5 milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr üzrə əyani tədris materiallarının hazırlanması üçün 0,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 2026-cı ildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə 1,5 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulmuşdur.
2026-cı ildə ölkədə 50 əmək yarmarkasının təşkil olunması və bu yarmarkaların təşkili üçün məkanların icarəsi, istifadə olunacaq afişa və reklam lövhələrinin çapı, televiziyalarda və mətbuatda elanların yerləşdirilməsi və s. xərclər üçün 0,5 milyon manat nəzərdə tutulur.
İşsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasını sürətləndirmək və iş tapmaqda çətinlik çəkənlərə dəstək vermək məqsədilə haqqı ödənilən ictimai işlərin təşkilinə 2026-cı ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 3,7 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır.
Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də 77,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsində sığortaolunanların əməkhaqlarının bir hissəsinin müəyyən müddətə sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinin təşkili üçün əhatə dairəsi 1 445 nəfər təşkil etməklə 6,0 milyon manat vəsait nəzərdə tutulur ki, bu da müvafiq istiqamət üzrə 2025-ci il üçün təsdiq edilmiş məbləğə nisbətdə 2,0 milyon manat və ya 50 faiz çoxdur.
Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyon manat vəsait nəzərdə tutulur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə Dövlət Məşğulluq Agentliyi arasında bağlanılan müqavilələrin maliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində 1,0 milyon manat vəsait nəzərdə tutulur.
Dövlət Məşğulluq Agentliyi tərəfindən müsabiqə yolu ilə seçilmiş layihələr çərçivəsində iş yerlərinin yaradılması (iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 (on) faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox olmamaqla) ilə bağlı xərclərin 75 faizədək hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənilməsi üçün 2026-cı ilin büdcəsində 2,0 milyon manat vəsait nəzərdə tutulur. Həmçinin, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə yeni aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi üçün mövcud qanunvericiliklə əmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 2026-cı ilin büdcəsində 1,0 milyon manat vəsait nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре