ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.
Bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də ədalətin təntənəsi və Cənubi Qafqazda sülh, inkişaf və yenidənqurma sahələrində yeni bir dövrün başlanması ilə əlamətdardır. Ərazilərin azad edilməsi xüsusən də Azərbaycan xalqının və bütün İslam dünyasının kimliyini, mənəvi dəyərlərini təmsil edən mədəni irs sahəsində mühüm bərpa prosesinə yol açmışdır.
Bu baxımdan, ICESCO-nun azad edilmiş ərazilərə son illərdə iki beynəlxalq texniki missiya göndərdiyini və onların vəziyyəti yerində qiymətləndirdiyini, işğal zamanı zərər dəymiş mədəni irsin qorunması və bərpası üçün tövsiyələr verdiyini məmnuniyyətlə xatırlayıram. Biz bu səyləri təkcə Azərbaycanın deyil, bütün dünyanın münaqişədən sonrakı bölgələrində mədəni irsin qorunması üçün bir model kimi son dərəcə əhəmiyyətli hesab edirik.
Qarabağa hər səfərim zamanı oradakı sürətli dəyişiklikləri böyük heyranlıqla izləmişəm. Şəhər və kəndlərin yenidən qurulması, mədəni və dini abidələrin, təhsil müəssisələrinin bərpası və ictimai həyatın dirçəlişi bunun bariz sübutudur.
Bu mühüm nailiyyətlər Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın daha firavan, daha sabit gələcəyi ilə bağlı əzminizin göstəricisidir.
Zati-aliləri, bu şanlı Zəfər bayramı münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре