Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərin açıqlayıb

Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları, enerji, müdafiə, maşınqayırma eləcə də, digər innovativ və elmi-tədqiqat sahələrində əməkdaşlıq üçün artan potensial görür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq SARIO-dan bildirilib.

"Slovakiya şirkətləri uzunmüddətli tərəfdaşlığa, texnologiyalara əsaslanan layihələrə və hər iki ölkənin davamlı iqtisadi inkişafına töhfə verə biləcək birgə müəssisələrin yaradılmasına getdikcə daha çox maraq göstərirlər", - deyə agentlikdən vurğulayıblar.

SARIO biznes təşəbbüsləri və institusional əməkdaşlıq vasitəsilə Azərbaycanla aktiv qarşılıqlı fəaliyyəti davam etdirir.

"Keçən il ərzində üç əsas təşəbbüs həyata keçirmişik: Slovakiya Respublikasının Baş naziri müşayiətində işgüzar missiya, Hökumətlərarası Görüş çərçivəsində ixtisaslaşmış biznes nümayəndə heyəti və - Slovakiya Respublikasının səfirliyi ilə əməkdaşlıq çərçivəsində "ADEX 2024" sərgisində Slovakiya milli stendinin təşkili. Bu tədbirlər, xüsusilə texnologiya və yüksək əlavə dəyər sahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinin Azərbaycan bazarına çıxışı və ya mövcud mövqelərinin genişləndirilməsi üçün dəstək məqsədi daşıyır.

 

Biz ilk növbədə diqqətimizi informasiya-kommunikasiya texnologiyaları, müdafiə, maşınqayırma və enerji sahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinə yönəltmişik. Bu sahələr qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malikdir və SARIO bu sektorlardan olan şirkətləri Azərbaycanda iş imkanlarını araşdırmağa fəal təşviq edir", - agentlikdə bildirilib.

Dövlət agentliyi olaraq SARIO Slovakiya kiçik və orta biznesinə dəstək olur, habelə investorlar üçün biznes missiyaları, iri beynəlxalq sərgilərdə milli stendlər və bazara çıxış üzrə məsləhət xidmətlərini təmin edir.

"Bizim məqsədimiz Azərbaycan tərəfdaşları ilə birbaşa təmaslar qurmaq və Slovakiya şirkətlərinə bazar şəraiti, imkanlar və əməkdaşlıq modellərini daha yaxşı başa düşməyə kömək etməkdir. Son işgüzar missiyalar zamanı Slovakiya və Azərbaycan şirkətləri bir sıra konstruktiv danışıqlar aparıb və əməkdaşlıq imkanlarını öyrəniblər", - deyə agentlikdən qeyd olunub.

SARIO növbəti Slovakiya-Azərbaycan Hökumətlərarası Görüşünün 2026-cı ildə keçiriləcəyini gözləyir.