Media inklüziv cəmiyyətin formalaşmasında mühüm rol oynayır

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olan şəxslər təşkilatları ilə birgə həyata keçirdiyimiz ilk belə təşəbbüsdür. Ümid edirəm ki, bu, media peşəkarları üçün təşkil olunacaq yeganə seminar olmayacaq və siz burada faydalı biliklər əldə edəcəksiniz.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilən "Mediada inklüziv dildən istifadənin təşviqi" mövzusunda keçirilən seminar çərçivəsində BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva bildirib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olan şəxslərin hüquqlarını qoruyan təşkilatlarla birgə media peşəkarları üçün seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadə edib:

"Biz sözlərimizi əmələ çevirməyə çalışırıq və müxtəlif qabiliyyətlərə malik hər kəsin öz potensialını tam reallaşdırması üçün xidmətlərə bərabər çıxışının təmin olunmasını istəyirik. Azərbaycan cəmiyyətinin bu insanları necə anladığı və qəbul etdiyi son dərəcə vacibdir. Məhz buna görə media bu prosesdə çox mühüm rol oynayır.

Media cəmiyyətdə inklüzivliklə bağlı düşüncə və yanaşmaların dəyişməsində əhəmiyyətli təsirə malikdir. Siz seçdiyiniz sözlərlə bu insanların kim olduğunu, onların hüquq və ehtiyaclarını izah edir, təkcə siyasətçilərin deyil, həm də cəmiyyətin, adi insanların baxışlarını formalaşdırırsınız. Bu, müxtəlif qabiliyyətlərə malik insanların, o cümlədən uşaqların qəbul olunmasına və onlara dəstək göstərilməsinə töhfə verir. Məhz buna görə bu seminarın təşkili məni sevindirir".