5-6 metr dərinlikdə çökmələrin səbəbi nədir? - Azərbaycanda sirli çuxurlar
Son vaxtlar ölkənin müxtəlif bölgələrində, xüsusilə əkin sahələrində və digər ərazilərdə təxminən 5-6 metr dərinliyə malik çuxurların əmələ gəldiyi müşahidə olunur. Qeyd olunan problem Azərbaycanın bir sıra regionları üçün xarakterik hal alıb. Bununla bağlı görüntülər də yayılıb. Amma görüntülərin hansı rayonda çəkildiyi məlum deyil.
Məsələ ilə bağlı Day.Az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, sözügedən ərazi dəqiq müəyyənləşdirilməli və burada baş verən çökməyə səbəb ola biləcək amillər ciddi şəkildə araşdırılmalıdır.

"Adətən yer səthinin çökməsi iri həcmdə su çıxarılan ərazilərdə müşahidə olunur. Lakin bu cür çökmələr adətən görüntüdə göstərilən formada deyil, daha çox əyrixətli və tədrici şəkildə baş verir və ərazidən su çıxarılmasının izləri açıq şəkildə görünür. Qəfil şəkildə, qısa müddətdə və bu dərəcədə dərin çuxurun əmələ gəlməsi faktı mövcuddursa, həmin hal xüsusilə diqqətlə təhlil edilməlidir. Çökmənin harada baş verdiyi, ərazinin yaxınlığından magistral su xətlərinin keçib-keçmədiyi, torpaq qatında hər hansı sınma və ya boşalma prosesinin olub-olmadığı araşdırılmalıdır."

Ekspert bildirib ki, əgər torpağın sınması faktı təsdiqlənərsə, bu, yaxın ərazilərdə də analoji hadisələrin baş vermə ehtimalını yaradır və həmin sahələr də mütləq yoxlanılmalıdır.
"Lakin konkret vəziyyət yerində araşdırılmadan və müvafiq geoloji təhlillər aparılmadan hər hansı qəti rəy bildirmək mümkün deyil."
Qeyd edək ki, ötən il Türkiyənin Konya düzənliyində analoji hal baş vermişdi. Düzənlikdə aralarında 5 metr məsafə olmaqla, 100-dən çox çuxur yaranmışdı.
Türkiyəli mütəxəssislər çuxurların yaranma səbəbini iqlim dəyişikliyi, quraqlıq və yeraltı suların nəzarətsiz istifadəsi ilə əlaqələndirmişdilər.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре