İsveçin kriminal iqtisadiyyatı əvvəlki qiymətləndirmələri üstələyib

"Qara rəqəmlər" (Svarta siffror) adlı yeni hesabat göstərir ki, İsveçdə kriminal iqtisadiyyatın dövriyyəsi azı 352 milyard kron (38,9 milyard dollar) təşkil edir, əldə olunan mənfəət isə təxminən 185 milyard krona (20 milyard dollardan çox) çatır ki, bu da hüquq-mühafizə orqanlarının əvvəlki qiymətləndirmələrini əhəmiyyətli dərəcədə üstələyir.

AZƏRTAC xəbər verir ki, miqyasına görə bu iqtisadiyyat İsveç cəmiyyətinin ən iri sektorları ilə müqayisə oluna bilər və dövlət maliyyəsi, dürüst rəqabət və dövlətə inam üçün ciddi təhlükə yaradır.

Hesabata əsasən, kriminal iqtisadiyyat qanuni sektora sıx şəkildə inteqrasiya olunub və qaydalarla sosial təminat sistemlərindən sistemli sui-istifadəyə əsaslanır. Kriminal iqtisadiyyatın ən böyük payı sosial təminat sistemlərindən və normativ mexanizmlərdən sistemli sui-istifadə ilə bağlıdır. Qeyri-qanuni məşğulluq 21 milyard dollar, vergi səhvləri 3,9 milyard dollar, saxta ərzaq məhsulları və ya digər mallar 4,5 milyard dollar, Avropa İttifaqının fondları ilə bağlı dələduzluq isə 1,8 milyard dollar təşkil edir. Dələduzluq, əmlak cinayətləri, narkotik alveri və çirkli pulların yuyulması kimi ənənəvi mütəşəkkil cinayətkarlıq növlərinin həcmi isə nisbətən azdır.

Məruzənin müəllifləri qeyd edirlər ki, cinayətkar strukturlar ekoloji tələbləri, kollektiv müqavilələri və icazə prosedurlarını nəzərə almamaqla da rəqabət üstünlükləri əldə edirlər ki, bu da bazarı təhrif edir və sistem risklərini gücləndirir. Bu təhlükəyə cavab olaraq hakimiyyət orqanları dövlət qurumları arasında koordinasiyanı gücləndirməyi, təkcə cinayət gəlirlərinin müsadirəsinə deyil, həm də mütəşəkkil cinayətkarlığın istifadə etdiyi zəifliklərin aradan qaldırılmasına diqqət yetirməyi planlaşdırır.