Avstraliyada rekord istilər: Viktoriyada temperatur 49 dərəcəyə yaxınlaşıb
Avstraliyanın Viktoriya ştatında rekord səviyyədə istilər qeydə alınıb. Ştatın şimal-qərbində yerləşən Hopetoun və Walpeup şəhərlərində temperatur ilkin məlumatlara görə 48,9 dərəcəyə çatıb.
Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, bu göstərici Hopetoun üçün 7 fevral 2009-cu ildə qeydə alınmış əvvəlki maksimum temperatur - 48,8 dərəcəni geridə qoyub.
Mildura şəhərində də hava 48,6 dərəcəyə yüksələrək Murray River bölgəsində 1990-cı ilin yanvarında ölçülmüş 46,9 dərəcəlik əvvəlki rekordu qırıb.
Melburnda da ekstremal istilər müşahidə olunub. Şəhərin qərbindəki Lavertonda temperatur 45,5 dərəcə, cənub-qərbdəki Point Cookda 45,3 dərəcə, Melburn hava limanında isə 44,1 dərəcə isti qeydə alınıb.
Oxşar vəziyyət Cənubi Avstraliyada da yaşanıb. Renmark şəhərində temperatur 49,6 dərəcəyə çataraq bu yaşayış məntəqəsi üçün bütün zamanların ən yüksək göstəricisi olub.
Meteoroloqlar bildirirlər ki, mərkəzi Avstraliya üzərində formalaşan güclü istilik dalğası cənub-şərq istiqamətində hərəkət edir. Tasmaniyadakı yüksək təzyiq zonası və Qərbi Avstraliyada keçmiş tropik Luana siklonunun qalıqları bu isti havanın bölgədə "sıxılıb qalmasına" səbəb olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре