Bakıda dəhşətli yanğın: Restorana od vurub, qapıları kilidlədi...

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranı yandırılıb.

Day.Az xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək, yanğın tərədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.

Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində 1 nəfərin ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlumdur. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur.

Nazir Qədirli və Cahangir Qədirovun idarətetməsində olan iaşə obyektinə ümumilikdə 120 min manat məbləğində ziyan dəyib. Əlavə olaraq, müştərilərə 20 mindən çox maddi ziyan dəydiyi qeyd olunur.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir. (Bakupost.az)