Maliyyə Nazirliyində AİİB nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub - FOTO
İyunun 19-da Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimovun Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dövlət sektoru üzrə baş direktoru xanım Syaohon Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə AİİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, eləcə də infrastruktur, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Bu barədə Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Anar Kərimov AİİB ilə formalaşmış tərəfdaşlığın Azərbaycanın dayanıqlı iqtisadi inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Bank tərəfindən bu günədək ölkəmizdə enerji, nəqliyyat və bərpa olunan enerji sahələrində həyata keçirilən layihələrə maliyyə dəstəyi ayrılıb.
Eyni zamanda, A.Kərimov Azərbaycan ilə AİİB arasında imzalanmış strateji əməkdaşlıq çərçivəsində hazırlanan Çoxillik İnvestisiya Portfelinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinə uyğun olaraq infrastruktur sahəsinə investisiyaların daha sistemli və uzunmüddətli əsasda planlaşdırılmasına imkan yaradacağını bildirib.
Öz növbəsində, S.Yan Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Bankın ölkəmizdə həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirdiyini bildirib. O, xüsusilə dayanıqlı nəqliyyat infrastrukturu, dəmir yollarının modernləşdirilməsi, şəhər mobilliyi, liman və logistika infrastrukturu, bərpa olunan enerji və yaşıl maliyyə istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin növbəti mərhələləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре