Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı üzrə proqnozlarını açıqlayıb
2026-cı ilin iyul ayında Azərbaycanda orta gündəlik xam neft hasilatı 440 min barel təşkil edib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına görə, bu göstərici iyun ayı ilə müqayisədə dəyişməyib.
BEA-nın hesabatında qeyd olunub ki, qlobal neft bazarında geosiyasi gərginlik və neft təchizatında yaranan fasilələr bazarın balansına əhəmiyyətli təsir göstərir.
Agentliyin proqnozuna görə, 2026-cı ildə qlobal neft təchizatı orta hesabla sutkada 4,3 milyon barel azalaraq 102 milyon barelə düşəcək. 2027-ci ildə isə təchizatın 8,3 milyon barel artaraq sutkada 110,3 milyon barelə çatacağı gözlənilir.
"2026-cı ildə qlobal neft tələbatının sutkada 1,6 milyon barel azalacağı proqnozlaşdırılır. Bu, ötən ay açıqlanan proqnozdan 510 min barel çoxdur. Hörmüz boğazının bağlanmasının davam etməsi və yanacaq qiymətlərinin yüksək olması neft istehlakına təzyiq göstərməkdə davam edir", - hesabatda bildirilib.
BEA 2027-ci ildə isə qlobal neft tələbatının sutkada 2,4 milyon barel artacağını proqnozlaşdırır.
Hesabata əsasən, qlobal neft hasilatı iyul ayında əvvəlki ayla müqayisədə 2,4 milyon barel artaraq sutkada 101,5 milyon barelə yüksəlib. Bununla belə, göstərici ötən ilin eyni ayı ilə müqayisədə 6,3 milyon barel aşağı olub. Körfəz ölkələrində hasilatın 8,3 milyon barel hissəsi hələ də bağlı vəziyyətdə qalıb.
BEA qeyd edib ki, iyul və avqustun əvvəlində yenidən başlayan hərbi əməliyyatlar və dəniz nəqliyyatında yaranan problemlər neft hasilatının bərpasını çətinləşdirib. Bu səbəbdən 2026-cı ilin üçüncü rübü üzrə qlobal neft təchizatı proqnozu əvvəlki hesabatla müqayisədə sutkada 1,7 milyon barel azaldılıb.
"Qlobal neft bazarının 2026-cı ilin üçüncü rübündə sutkada 1,8 milyon barel həcmində kəsirlə üzləşəcəyi gözlənilir. Bu, ötən ayın hesabatında proqnozlaşdırılan təxminən 800 min barel kəsirdən iki dəfədən çoxdur", - BEA bildirib.
Agentliyin məlumatına görə, iyul ayında qlobal neft ehtiyatları 69 milyon barel azalaraq kəskin şəkildə aşağı düşüb. Bu azalmanın əsas səbəbi dənizdə daşınan neft həcmlərinin azalması olub. İyulun sonunda qlobal müşahidə olunan neft ehtiyatları 7,9 milyard bareldən aşağı düşüb.
BEA-nın hesablamalarına görə, fevralın sonundan iyulun sonunadək qlobal neft ehtiyatları ümumilikdə 410 milyon barel azalıb.
"Bazarın bu ilin sonuna doğru yenidən profisitə qayıtması gözlənilsə də, risklər əhəmiyyətli olaraq qalır. Əvvəllər mövcud olan ehtiyat buferləri sürətlə tükəndiyindən Hörmüz boğazının açılmasının vacibliyi daha da artıb", - hesabatda vurğulanıb.
Bundan əlavə, iyul ayında neft emalı sektorunda da ciddi dəyişikliklər qeydə alınıb. Qlobal neft emalı zavodlarının xammal emalı həcmi aylıq ifadədə 1,8 milyon barel artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə sutkada təxminən 5 milyon barel aşağı olub.
BEA bildirib ki, dizel yanacağı, aviasiya yanacağı və benzinin qiymət fərqlərinin kəskin artması nəticəsində Atlantik hövzəsində neft emalı marjaları iyul ayında rekord səviyyəyə yüksəlib.
Beynəlxalq Enerji Agentliyi həmçinin qeyd edib ki, iyul ayında etalon neft qiymətləri təxminən 40 dollar/barel diapazonunda dəyişib. Şimal dənizi markalı "Dated" neftinin qiyməti ay ərzində 25,67 dollar artaraq iyulun sonunda 96,80 dollar/barelə çatıb və hazırda təxminən 92 dollar/barel səviyyəsindədir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре