"TikTok" istifadəçilərin psixi sağlamlığını təhlükəyə atmaqda ittiham olunur
Avropa Komissiyası "TikTok"u istifadəçilərin, xüsusilə gənclərin psixi sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməməkdə ittiham edib.
"The Guardian" nəşrinin məlumatına görə, ilkin qərarda qeyd olunub ki, "TikTok"un alqoritmi istifadəçilərə zahiri görünüş, qidalanma pozuntuları və təcrid olunma ilə bağlı təkrarlanan məzmunlar təqdim edir. Bu cür məzmunların davamlı izlənilməsi isə narahatlığa səbəb ola və mövcud psixi sağlamlıq problemlərini ağırlaşdıra bilər.
Araşdırma zamanı platformanın bu riskləri azaltmaq üçün tətbiq etdiyi mexanizmlərin səmərəsiz olduğu müəyyən edilib. Avropa Komissiyası "TikTok"dan istifadəçilərin lentdə qarşılaşdıqları məzmuna nəzarət imkanlarını artırmağı tələb edir.
"TikTok" şirkəti isə Komissiyanın ilkin nəticələrinin kökündən yanlış olduğunu bildirərək, platformada istifadəçilərin təhlükəsizliyinin qorunması üçün görülən tədbirlərin kifayət qədər olduğunu bəyan edib.
Bildirilib ki, yekun qərar pozuntunu təsdiqləyərsə, şirkət qlobal illik dövriyyəsinin 6 faizinədək məbləğdə cərimələnə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре