Avtomobili bu cür idarə edənlər CƏRİMƏLƏNƏCƏK
Dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə (standartlara uyğun olmadıqda, zədələndikdə və ya oxunmaz vəziyyətə gəldikdə) nəqliyyat vasitəsini idarə etməyə görə cərimə nəzərdə tutulub.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.1.3-cü maddəsinə əsasən, dövlət qeydiyyat nişanları standartların tələblərinə uyğun olmayan nəqliyyat vasitəsini idarə etməyə görə sürücülər 40 manat məbləğində cərimə edilir. Əgər nişan sadəcə çirkləndiyi üçün oxunmursa, bu hal İXM-in 342.1.7-ci maddəsi ilə tənzimlənir və sürücü 40 manat məbləğində cərimələnir.
Yararsız hala düşmüş dövlət qeydiyyat nişanının yenisi ilə (eyni nömrə kombinasiyası saxlanılmaqla) əvəzlənməsi üçün "Dövlət rüsumu haqqında" Qanuna əsasən 30 manat dövlət rüsumu müəyyən edilib. Bu rüsum həm adi, həm də xüsusi kombinasiyalı (bahalı) nömrə nişanlarının təkrar hazırlanması zamanı dəyişmir və bütün kateqoriyalar üçün eynidir.
Bunun üçün nəqliyyat vasitəsini aparmağa ehtiyac yoxdur. Sadəcə yararsız nişanları və avtomobilin qeydiyyat şəhadətnaməsini götürərək Dövlət Yol Polisi İdarəsinin müvafiq Qeydiyyat-İmtahan şöbəsinə yaxınlaşmaq kifayətdir.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре