https://news.day.az/azerinews/1875465.html Rəqəmsal transformasiya milli təhlükəsizliyin təminatıdır - İlqar Musayev Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biri kimi qəbul edir.

Rəqəmsal transformasiya milli təhlükəsizliyin təminatıdır - İlqar Musayev

Azərbaycanca, 19 ноября 2026 10:28 (UTC +04:00) 237
Rəqəmsal transformasiya milli təhlükəsizliyin təminatıdır

Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biri kimi qəbul edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, texnologiyanın inkişafı yalnız iqtisadiyyatın və sosial həyatın transformasiyasına deyil, həm də beynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarası rəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan artıq dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib.

İ.Musayev qeyd edib ki, xüsusilə süni intellektin sürətli inkişafı bu dəyişikliklərə yeni ölçü qazandırır.

"Süni intellekt dövlətlərin texnoloji və iqtisadi imkanlarını genişləndirməklə yanaşı, informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini dəyişir", - deyə o bildirib.

Xidmət rəisi vurğulayıb ki, belə bir şəraitdə kibertəhlükəsizliyə yalnız texniki müdafiə məsələsi kimi yanaşmaq artıq kifayət etmir.

O bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.

İ.Musayevin sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il fevralın 11-də sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı müşavirədə bu sahələrin ölkənin strateji inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanıb, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı mühüm tapşırıqlar verilib.

O qeyd edib ki, bu siyasətin institusional davamı olaraq yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasında da kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələləri əsas müzakirə istiqamətlərindən biri olub.

Xidmət rəisi diqqətə çatdırıb ki, beynəlxalq təcrübə kibertəhlükəsizliyin yalnız hücum baş verdikdən sonra tədbir görməkdən ibarət olmadığını göstərir.

"Kibertəhlükəsizlik risklərin əvvəlcədən müəyyən edilməsi, davamlı monitorinqi, qabaqlayıcı müdafiə, operativ reaksiya və xidmətlərin dayanıqlı bərpasını əhatə edən fasiləsiz prosesdir", - deyə İ.Musayev bildirib.

O əlavə edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biri dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsidir.

İ.Musayevin sözlərinə görə, bu istiqamətdə kibertəhdidlərin vaxtında aşkarlanması, insidentlərə çevik reaksiya verilməsi və qabaqlayıcı müdafiə mexanizmlərinin inkişaf etdirilməsi əsas vəzifələrdəndir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости