Tofiq Ağababayev: "Rəssam gərək iki ömür yaşasın" - FOTO

4 ноября 2013 11:13 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanın xalq rəssamı, Bakının ilk baş rəssamı Tofiq Ağababayevin Milli.Az-a müsahibəsi.

Dosye

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, əməkdar Ali məktəb işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsm kafedrasının müdiri, professor Tofiq Ağababayev 1928-ci il 8 sentyabrda Bakıda anadan olub.

1946-1951-ci illərdə Əzim Əzimzadə rəssamlıq məktəbində təhsil alıb. 1953-cü ildə V.Muxina adına Leninqrad rəssamlıq akademiyasına daxil olub. 1961-ci ildən Azərbaycan rəssamlar ittifaqına qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət teatr institutunun nəzdində açılan rəssamlıq bölməsinə müəllim vəzifəsinə dəvət olunub. 1966-1968-ci illərdə Bakı şəhərinin ilk baş rəssamı vəzifəsinə təyin olunub. Bu fəaliyyət dövründə Bakının gerbi yeni elementlərlə əlavə olaraq bərpa olunub, Bakının simvolik açarını tərtib edib.
 

- Tofiq müəllim, necəsiz?

- Şükür Allaha. Yaxşıyam.
 

- 85 yaş rəssam üçün nə deməkdir?

- Bilirsiz, baxır bu yaşa necə baxırsan. Mənim aləmimdə rəssam gərək iki ömür yaşasın. Bir ömründə ancaq baxıb öyrənsin, ikinci ömründə isə ancaq yaratsın. Düzdü, bəzi dahilər var 30 yaşında öz sözünü deyir, gedir. Ancaq biz ayrı, onlar ayrı... Məni rəssam kimi formalaşdıran uşaqlığımda gördüklərimdir. Əgər soruşsan dünən nə olub, bəlkə bilmərəm amma 80 il öncə hər şey yadımdadır. Xalçanın üstündə iməkləməyim, xəzri küləyinin istisi məndədir, onu hiss edirəm. İndi yoxdur. Hər tərəf bağlanıb. Ana laylasıdır, xalçanın üzərində iməkləməyimdir, insanı münasibətlər gözümün qabağındadır. Muğamımızdı, musiqimizdir məni formalaşdıran...
 

85 yaş mənim üçün çox gəlmir. İlahi qoruyur məni. Gələndə mən ərizə verməmişəm Ona (gülür), gedəndə də Özü bilir nə vaxt bəsdi. Birdə ki, mən qoca deyiləm, sadəcə yaşlanmışam.
 

- Bir balaca keçmişə səyahət edək. Sizin uşaqlığınız, gəncliyiniz Bakıda və onun kəndlərində keçib...

- Mənim atam 1919-1920-ci illərdə 6 ay Gəncədə Müsavatın ordusunda qulluq etdiyinə görə 1937-ci ildə güllələdilər. Biz "Xalq düşməni" ailəsi olduq. Allah göstərməsin, çox pis şey idi o vaxtı. Acılı günlər idi. Hətta yadıma gəlir ki, məktəbdə oxuyanda 1-ci sinifdə yanımda bir qız otururdu. Atası gəldi dedi ki, mənim qızımı başqa yerdə otuzdurun. O, xalq düşməninin oğludur. Müəlliməm rus idi. Çox əsəbləşdi. Ayağını yerə vurub dedi ki, uşaqların yanında belə deməyin!.. Çörək tapmaq mümkün deyildi. Bunlar hamısı İlahinin işidir. Şükür edirəm hər zaman.
 

40-50-ci illərdə Əzimzadədə oxuyanda inan ki, həmin dövr zirvə idi. Mircavad, Tahir, Rasim biz həmin dövrün yetirmələriyik. Bircə arzumuz o idi ki, doyunca çörək yeyək. O dövrlərdə SSRİ də ən zəngin yaradıcı kollektiv Azərbaycan idi. Teatrda, musiqidə, rəssamlıqda. Üzeyir bəy, Niyazi, Qara Qarayev, Ələsgər Ələkbərov, Şəmsi Bədəlbəyli, İsmayıl Osmanlı, Ədil İsgəndərov... Biz bunları görmüşük, pərəstiş etmişik. Deyim sənə, o dövrdə 10 manata ya 1 peraşki ala bilərik, ya da 1 bilet "Azdrama"ya hansısa tamaşaya. Biz teatrı seçirdik.
 

- Siz həm də Bakının ilk baş rəssamı olmusuz...

- Çox çətin idi... Vilnüsün parlamenti qərara gəlmişdi ki, baş arxitektordan əlavə baş rəssam da lazım idi. Bizdə də belə oldu. Bir çox işlər görə bildim. Ermənilərin əlindən dəhşətə gəlirdim. Əzizbəyovun heykəlini Mərdəkanda Əzizbəyov rayonu olduğu üçün, Cəfər Cabbarlını Xrebtovuda yaşadığı evinin qarşısında, amma Şaumuyan mərkəzdə. Baş rəssam kimi o qədər məktub alırdım ki, bəs nə vaxtı Şaumuyana heykəl qoyacaqsız?! Hamısı da erməni. Mən gətirdim bunları çəkinmədən pozdum. Cəfər Cabbarlını 28 may metrosunun yanında, Əzizbəyovun da mərkəzdə yerin təyin elədik. İndi də götürüblər onu. Cəfər Cabbarlı metronun qarşısında yaxşı görünür.
 

- Bu gün Tofiq müəllim Bakıya nəyi qaytarmaq istərdi?

- BAKINI... Bakıya Bakılılığını, bakılıları qaytarmaq istərdim... İnkişaf var. İndi Bakını tanıya bilmirəm! 50-ci illərdə 3 ay Vilnüsda oxudum. 50-60 il keçib üstündən. Bu yaxınlarda televizorda baxdım. Necə görmüşdümsə 50-ci illərdə bu gün də elə qalıb. Amma Bakı çox dəyişilib.
 

Bilirsən, Sən Əlizadəsən, Alen Delondan xoşun gəlir, özünü ona oxşatmaq istəyirsən. Plastik əməliyyatlar var, gedirsən etdirirsən. Amma əməliyyatdan sonra nə ona oxşayırsan, nə də özünə. Sima qalmalıdır. Bakının siması dəyişilib...
 

- Siz həm də pedaqoqsuz. Bəzi rəssamlar dərs deməyi istəmirlər nədənsə.

- Mən sizə bir şey deyim, gərək bunu da sevəsən. Şəxsən mən tələbələrim üçün tətil vaxtı darıxıram. Ünsiyyət var. Biz demirik bax, mən belə çəkirəmsə, sən də belə çək. Sən tələbəni gərək özünə oxşatmayasan, araşdırasan. Çünki onda olan səndə yoxdu, səndə olan da onda. İdmanda ola bilər bir idmançı digərindən güclüdür, yaxşıdır. Sənətdə, yaradıcılıqda isə yox...
 

- 85 illik yubileyiniz ilə əlaqəli sayca 6-cı sərginizə hazırlaşırsız. Bu sərgi nəyi ilə digər 5-dən fərqlənəcək?

- Əsas yeni işlər olacaq. Maraqlı olmalıdır. Gələrsiz, baxarsız. İnşallah, bəzi işlərim var ki, sərgiyə kimi onları tamamlamalıyam. Allah izn versə, yaxşı olar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!