Azərbaycanlı teleaparıcı: "Yoldaşım biləndə ki mən Ədalətlə bir yerdəyəm…"

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Lider TV-nin efirində yayımlanan "Həyat tərzi" verilişinin aparıcısı Lamiyə Ələkbərovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Yay günləriniz necə keçir?

- Yaxşı! İstini çox sevirəm. Ən sevdiyim fəsildir. Bu ərəfələrdə, yəni yayda əhvalım çox yaxşı olur. Sonra havaya görə korlanır.

- Lamiyə Ələkbərova Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcıdır?

- Bəli. 1997-ci ildən efirdəyəm. İlk reklamım moda ilə bağlı olub. Ancaq dəblə bağlı çox danışmaq mümkün deyildi. İndi bir çox kanallar bu tip verilişləri etsələr də, bunun ideya müəllifi mənəm. İlk dəfə mən etmişəm. O birilər hamısı məndən sonra ediblər. İndi də yenə o işlə məşğulam.

- Veriliş də yaradıcılıq baxımından kasadçılıqdır. Elə hamısı reklamdır...

- Yox. Bu reklam deyil. Bu, maarifləndirici verilişdir. Gəlin buna məhz bu prizmadan yanaşaq. Axı bu gün siz gedib özünüzə yay geyimi almaq istəyirsiniz. Amma məkanı tapmaqda çətinlik çəkirsiniz. Biz isə ünvanı göstəririk, əlaqə telefonlarını veririk. Tamaşaçıya kömək edirik.

- Amma həmkarlarınız da məhz buna görə verilişinizi qınaq obyektinə çeviriblər.

- Həmkarlarım özləri bilərlər nə fikirləşirlər. Bu, onların öz işidir. Ancaq mən professional aparıcıyam. 16 ildir efirdəyəm. Mən 2 dəfə ali təhsil almışam. Musiqi savadım da var. Bu sahənin də professionalıyam. Professional bir aparıcı, rejissor kimi deyə bilərəm ki, bu maarifləndirici verilişdir. Tamaşaçılar isə onlara lazım olanı seçsinlər. Fikrimcə tamaşaçılar razılaşdılar.

- Deyirsiniz 16 ildir efirdəsiniz. Maraqlıdır, bu illər ərzində nələrlə rastlaşmısınız?

- Oy, o qədər hadisələrlə rastlaşmışam. Amma heç vaxt heç kiminləsə mübarizə aparmamışam. Çünki hər zaman ancaq bacarığım və istedadım üzərində işləmişəm. Mən yalnız savadlı mübarizəmi aparmışam. Qəlbimə dəyənlər də sonradan peşman olublar. Dalımca danışıb, sonra səhvlərini başa düşüblər. "Torbamı da tikənlər" çox olub. Mənim heç kimlə nə rəqabətim nə də işim yoxdur. Çünki adım Lamiyə, soyadım Ələkbərova atamın adı da Ələkbərdir.

Niyə mən başqası ilə rəqabət aparmalıyam. Mənim verilişimə oxşayan digər verilişlər də var. Amma heç onlarla da rəqabətdə deyiləm. Çünki hər kəs bilir ki, bunun təməlini mən qoymuşam. Mən özümə inanıram. Rəqabət hissi özünə inanmayan olur. Məndə isə ola bilməz! Mənim çox gözəl və tələbatlı verilişim var. Sponsorumuz da reytinqimiz də var. Heç kimə paxıllıq edəcək vəziyyətdə deyiləm. Qoy kimlərsə mənimlə rəqabət aparıb, paxıllıq etsinlər.

- Sözünüzdən elə çıxdı ki, sizin rəqibiniz belə yoxdur.

- Bəlkə də kimlərsə məni özünə rəqib bilir. Əslində rəqibin olması yaxşıdır. Bəlkə də var. Ancaq bu məkanda hər kəs mənimlə dostdur. Məni tanıyanlar bilir ki, yaxşı dostam. Düşmənim də yoxdur. Ancaq hər kəsin öz işi var. Axı mən AzTV məktəbi görmüşəm. O cür insanlardan dərs almışam. Mən kadrarxası mətn oxuyanda, hər kəs bəyənir. Ona görə yox ki, mən Lamiyəyəm, ona görə ki, AzTV dərsi keçmişəm.

Bu gün yoldan keçən bir çox insanlar aparıcılıq eşqi ilə müraciət edirlər. Sadəcə boyu uca, saçı uzun və üzü gözəl bütün xanımlar aparıcılığa iddialıdırlar. Ancaq məqsədlərini bilmirlər. Biz belə gəlməmişik axı. Mən Milli Konsertvatoriyada dərs almışam. Vasif Adığözəlovun tələbəsi olmuşam. Fəxr edirəm ki, musiqi savadım var. Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin mahnılarını tanıyıram. Azərbaycan bəstəkarlarınıın mahnıları səhf salmıram.

Vurğuladığım amillər heç bəzi müğənnilərdə yoxdur. Bunları nəzərə alaraq, necə deyim ki, filan aparıcı mənim rəqibimdir. Mənim bildiyim çox şey var. Elə ona görə digər aparıcılardan fərqlənirəm.

- Yaxşı aparıcıda hansı xüsusiyətlər olmaldır ki?

- Yaxşı danışığın olmalıdır. Çıxıb efirə deyirlər ki, "görəcəksiniz", "göstərəciyik". Axı bu sözün sadəcə yazılışı belədir. Onun deyilmə qaydası yazıldığı kimi deyil. Amma bizim aparıcılar buna fikir vermirlər. Ləhcə olmamalıdır. Gözəllikdə olmalıdır, amma tamaşaçı aparıcıda bir çəkicilik hiss etməlidir və şirinlik duymalıdır.

Elə bilirsiniz ki, mənə kimlərəsə görə müraciət edən yoxdur? O qədər insanlar "Lamiyə, bax gör bundan aparıcı olar" deyə müraciət ediblər. Sadəcə xarici görünüşə qüvənib, efirə çıxmaq istəyən o qədərdi ki. Axı aparıcının savadı və danışıq qabiliyyəti yoxdur. Bizə müraciət edənlər elə insanlar ki, heç yazı yaza bilmirlər. Mən isə onları yazdırmağa çalışıram. Əvvəl belə deyildir. Aparıcı ancaq diktorluq edirdi. Çünki yazılarını redaktorlar hazırlayırdı. İndi hər şeyi aparıcılar edir.

Düzün desəm, mən bəzi aparıcı olmaq istəyənlərə başqa peşəyə sahiblənməyi məsləhət görürəm. Bəzən efirə baxanda görürəm ki, çox gözəl bir oğlan ya mahnı oxuyur, ya da aparıcılıq edir. Amma o insana baxanda bilirsən ki, bundan yaxşı idmançı olardı. Yəni insanlar onlara yaraşmayan peşə ilə məşğul olurlar.

- Tamaşaçılar deyir ki, sizdən mənfi aura saçır.

- Bunu ilk dəfədir eşidirəm. Yadıma bir çox əhvalatlar düşür. Məni tanımayan bir iki nəfər deyib ki, yekəxanayam. Ancaq sonradan fikirləri alt-üst olub. O qədər insanlarla üz-üzə gəlmişəm ki, məni görüb qışqırıblar. Hətta rayonlara belə getmişəm. 50 yaşında bir xanım məni görən zaman "televizordakı qız" deyə səslənib və məni qucaqlayıb.

- Amma özündən razılıq bir az hiss olunur.

- Ola bilər. Hər kəs elə bilir ki, mən özümdən razıyam. Amma sizin portal vasitəsi ilə öz tamaşaçılarıma səslənib demək istəyirəm ki, mən belə deyiləm. Lamiyə çox həyat sevər qızdır. Mən bir il öncə atamı itirəndə də efirə çıxmışam. Amma bu problemlə tamaşaçılarımı yükləməmişəm. Efirə çıxanda gözümün yaşını silib, gülməyə çalışmışam ki, tamaçılar heç nə hiss etməsinlər.

Mən tamaşaçıya gülüş bəxş etmək üçün gülürəm. Amma bu o demək deyil ki, məndə hər şey yaxşıdır. Məndə hər bir iş gözəl deyil. Bu səviyəyə çətinliklə gəlib çıxmışam. Mənim də pis günüm olub. Evdən ağlayıb qaçdığım vaxtlar olub. Bəlkə də qıraqdan başqa cür görsənirəm. Burdan bir daha səslənirəm. Əgər tamaşaçılar mənim haqda mənfi fikirdədilərsə, yanılırlar. Mən insanları çox sevirəm. Heç vaxt heç kimin arxasıyca danışmamışam. Əgər yanımda kimisə pisləyiblərsə, mən əksinə fikir yaratmağa çalışmışam. Çalışıram pisə də aydınlıq gətirim.

- ANS kanalının "Toy olsun" verilişinin aparıcı Ülvira Qarayeva necə aparıcıdır?

- Yaxşı. Özünəməxsus aparıcıdır. Onun çox gözəl qələmi var. O redaktordur. Gözəl yazıları var.

- Eşitmişəm ki, Lamiyə "Toy olsun"u aparar.

- (gülərək) Axı niyə mən Ülviranın verilişini aparmalıyam? Amma mən apara bilərəm.

- Ümumiyyətlə, toy apararsınız?

- Xeyir. Amma bunu çox gözəl bacararam. Mən məclislər, mərasimlər hətta başqa tipli verilişlər də apara bilərəm. İstənilən mövzuda aparıcılıq edə bilərəm. Efirlərdə bir çox verilişlər var ki, onun müəllifi mənəm. Rejissorluq edirəm. Bir çox hərəkətlər məhz mənə məxsusdur. Söhbət tək Ülviradan getmir. Mənim heç kimin verilişində gözüm yoxdur.

- Qəribə də olsa, sizi Ülviraya bənzədirlər.

- Ülviraya? Axı məni Dilarə Səlimovaya oxşadırlar. Sadəcə Ülvira saçlarının rəngini tez-tez dəyişir. O dəyişməyi çox sevir. Mən isə belə deyiləm. O məndən fərqli olaraq imicini çox tez-tez dəyişir. Mən özümdə bunu sevmirəm. Axı insanlara mənim informasiyam lazımdır. Mən indi durub avanqard saç düzümü edib, deyim ki, bu dəbdir. Amma mənə yaraşmasın. Sonra da deyim ki, mən tamaşıya yenilik gətirdim. Yox, bəlkə də onda tamaşaçı mənə baxıb deyər ki, "bu nə gündədir. Bu niyə özünü bu günə salıb?". O dəyişən tip insanlardan deyiləm.

Birdə axı mənim iki oğlum var. Hər addımıma fikir verirəm. İstəmirəm onlar böyüyəndə eşitsinlər ki, "anan efirdə o nə idi geyinmişdi?" və ya "Anan bu nə hərəkətdir edir". Axı mənim yoldaşım var. Mən ailəliyəm. Elə məsələlər var ki, mən onu edə bilmərəm. Ancaq sərbəst insanlar üçün bu problem olmaz. Mən bütün əzizlərimi düşünürəm. Çünki mənim qayınanama "Sənin gəlinin bunu etdi", anama isə "sənin qızın belə elədi" deyə bilərlər. Mənə heç kimə görünüşümü nümayiş etdirmək lazım olmayıb.

- Efirə görə "dostlar"la çox rastlaşmısınız?

- Çox, çox, lap çox! Mən AzTV-dən çıxıb "Lider" kanalına keçən zaman cəmi 1 gün işsiz qalmışam. İşimi dəyişən zaman oğlumun 1 yaşını qeyd etdim. O zaman bir çox müğənnilər bilmirdi ki, mən AzTV-dən çıxdım amma "Lider"ə keçirəm. Uşağınım ad gününə dəvət etdim. Bilənlər gəldilər. Bilməyənlər isə dedilər ki, "Əşi, Lamiyə AzTV-dən çıxıb. Nə mənası var getməyin". Bax, bu sözü iki müğənni demişdi. Onların adlarını çəkməyəcəyəm. Yenə də gəlmədiləri üçün onlara təşəkkür edirəm.

- İndi həmin müğənnilər siz tərəfə can atırlar?

- Bir il öncə atam rəhmətə getmişdi. O müğənnilərdən birinə zəng edib dedilər ki, Lamiyənin atası dünyasını dəyişib. O yenə də o cür qarşıladı. Bəlkə də bunlar ona görədir ki, mən o adamı efirə çağırmıram. Çünki mənim efirimə onun aidiyyatı yoxdur. Bəzən çəkdiyim gözəllik salonlarında müğənnilər də olur. Biz isə gedib çəkirik. Amma tamaşaçılar elə bilir ki, mən dəvət edirəm. Ancaq inanın ki, mənim heç nədən xəbərim olmur. Bizim müğənnilərdə elə bu cür başa düşürlər. Düşünürlər ki, mən özüm onları çağırmıram. Ona görə də toyda, yasda gözümə dəymirlər.

- Deyəsən şou-biznesdə dostlarınız o qədər də çox deyil.

- Yox, əksinə çoxdur. Amma çoxu da kişidir. Bütün dostluq etdiyim insanlar həyat yoldaşımı soruşur. Məsələn Ədalət Şükürov mənə zəng edəndə, birinci Aziki, yəni yoldaşımı soruşur. Yoldaşım biləndəki mən Ədalətlə bir yerdəyəm, sadəcə salam göndərir. O heç vaxt deməz ki, niyə başqa kişi ilə birlikdəsən. Çünki Ədalət bizim dostumuzdur. Xanımlardan isə Mətanət İsgəndərli, Könül Kərimova, Nazənin və başqaları da var. Mən hər zaman dostuluğumu edib, işimlə məşğul olmuşam. O vaxta qədər ki, kimsə mənim bostanıma daş atsın.

- Bəs o vaxtdan sonra nə baş verə bilər?

- O zaman mənim səsim çıxar! Heç kimlə problem yaşamaq istəmirəm. Bəlkədə kiminləsə mübahisə yaşamışam. Ancaq əsəbdən dilimdən nəyisə çıxa bilər. Sonra tez unuduram. Belə cuzi şeyləri düşmənçilik saymıram.

- Düşməniniz çoxdur?

- Məncə heç yoxdur. Bəlkə kimsə məni düşməni olaraq görür. Amma mən hər şeyi bağışlayıram.

- Demək kinli deyilsiniz.

- Xeyir, kinliyəm. Sadəcə bildiyim ürəyimdədir. Mən öküz iliyəm. Öküzlər isə sona qədər tapdalayır. Öküzü əsəbləşdirəndə, adamı divara çırpır, tapdalayır. Yəni sona qədər gedir.

- Tapdağınız altda qalan çox olub?

- (xeyli fikrə getdi). Bilmirəm. Bu suala cavab vermək istəmirəm. Mənə pislik edənlər çox olub. Ancaq bacarmayıblar. Allah yol verməyib. Mən heç nə etməmişəm. Amma tapdaq altda qalmış kimi bir vəziyyət olub. Bu, mənim yox, Allahın tapdağı olub. Üzərimə özlərini göstərmək üçün gələnlər çox olub. Ancaq görüblər ki, alınmayıb. Çünki başa düşüblər ki, mən nə dünənki müxbir deyiləm ki, üstümə qışqıralar. Nə də uşağam. Mən veriliş aparıcı, müəllifi və rejissoruyam. Mənim öz səviyyəm və hörmətim var.

- Ürəyinizdə söz qalmadı?

- Arzu edirəm ki, aparıcılarımız, xüsusi ilə də xanımlar tezliklə ailə qursunlar. İstəyirəm ki, aparıcıların adı yaxşı yerlərlərdən gəlsin. Çünki aparılıq adı hər birimizə məxsusdur. Pis və ya yaxşı deyiləndə hər birimizə gəlir. Mən çalışıram ki, yaxşı olum. Qoy o birilər də yaxşı olsun.