Bakının ən baha və ən ucuz restoranları hansılardır?

Day.Az представляет вниманию читателей статью на азербайджанском языке.

Bu gün şəhərdə müxtəlif üslubda restoranlara, yeməkxanalara rast gəlmək mümkündür. Onların da hər birinin özünə uyğun müştəriləri var.

Müştərilər isə adətən ailəvi, ya da bir neçə nəfər şəklində bu ünvanlara üz tuturlar. Yemək seçimləri də müxtəlifdir. Bəziləri xarici ölkələrin təamlarına, bir qisim insanlar isə milli mətbəxə üstünlük verirlər. Əsasən xarici mətbəxə üstünlük verənlər bunu evdə daha çox milli xörəklərin bişirilməsi, yaxud da restoranlarda xarici yeməklərin təklif olunması ilə izah edirlər.

Baha qiymətə olan restoranlar da müştərisiz qalmır

Şəhərin mərkəzində yerləşən, əhalinin ən çox üz tutduğu restoranlardan birində əsasən xarici ölkələrin mətbəxi üstünlük təşkil edir. Burada ən bahalı yemək "Şefin üç balıq növü" adlanır, onun qiyməti 19 manatdır. Müştərilərin əksəriyyəti isə xarici yeməklər sifariş verirlər. Burada pizza üstünlük təşkil edir. Ən baha pizzanın qiyməti isə 17 manatdır. Alkoqollu içkilər içərisində konyak 11, viski 10 manatadır. İsti içkilər içərisində espresso - 7 manata, alkoqolsuz içkilərdən meyvə suyu 2, ayran 1,20 manatadır. Ən ucuz yemək kimi mərci şorbası verilir, 3 manata. Buraya gələn müştərilər isə ofisiantlara qiymətlərin baha olması ilə bağlı öz narazılıqlarını bildirmirlər. Çünki müştəri gəldiyi məkanı əvvəlcədən seçir.

Paytaxtda ən bahalı hesab olunan restoranda bir çaynik çay 50-100 manat, yarım litr çaxırın qiyməti 800 manat təşkil edir. Bir porsiya balıq 50 manatadır, salatların qiyməti isə 10-50 manat arasında dəyişir. Beləliklə, bir nəfərin burada yemək yeməsi 800-1000 manata başa gəlir. Belə baha qiymətə olan restoranlar heç də müştərisiz qalmır.

Paytaxtdakı orta yeməkxananın da öz müştəriləri var. Məsələn, belə ortabab hesab edilən bir kiçik restoranda pendir və toyuq, göbələk şorbaları 2 manatadır, salatların qiyməti 5-8, kababların - 7-10, balığın - 8-17, xəmir xörəklərinin - 1-10 manat arasında dəyişir. Yəni buraya gəlib bir şorba ilə 2-3 manata nahar edənlər də var.

Onu da qeyd edək ki, belə orta yeməkxanaların bəzilərində heç müştərilərə menyu təqdim edilmir, edilsə də, qiymətlər göstərilmir.

Fast-food kafeləri isə əhalinin ən çox üz tutduğu məkanlardır. Bu məkanlarda qiymətlərə gəldikdə isə burada yeyilən dönərin qiyməti əsasən 1,50 manatdır. Bundan başqa, frenç-frayzın qiyməti - 0,80-1,90, salatların - 6-7, hamburgerin isə 0,80-2,60 manat arasında dəyişir. Ən çox içilən içki olan kapuçino 1,90 manatadır.

Bu məkanlara üz tutanların əksəriyyətini isə tələbələr, asudə vaxtını maraqlı keçirmək istəyən ailələr təşkil edir.

Kafe və restoranlar sertifikatlaşdırılmalıdır?

Bu gün Bakıda həm xarici, həm də milli mətbəximizin təamlarını təqdim edən restoran və kafelərdə keyfiyyətlə qiymət uyğundurmu? Müsahibimiz Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov deyir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, qidalanma sənayesində də sürətli inkişaf baş verir, yeni-yeni restoranlar və kafelər istifadəyə verilir və əhalinin asudə vaxtının səmərəli keçirilməsi baxımından bu məsələ böyük əhəmiyyət kəsb edir:

"Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, bu gün onların əksəriyyətinin təqdim etdiyi təamların, onlarda müştərilərə göstərilən xidmətin keyfiyyəti sonda elan edilən qiymətlə tərs mütənasib olur. Bəzi qidalanma müəssisələrində elementar menyular müştəriyə təqdim edilmir ki, bu hal ciddi qayda pozuntusu hesab edilməlidir. Dünya təcrübəsinə əsasən deyə bilərik ki, müştəriyə mütləq menyu təqdim edilməli, bu və ya digər təamın komponentləri, onun çəkisi və qiyməti menyuda öz əksini tapmalıdır".

Qiymətlərə gəldikdə isə kafedra müdirinin sözlərinə görə, bizim kafe və restoranlardakı mövcud qiymətlər həddindən artıq bahadır: "Bu yaxınlarda BƏƏ-də səfərdə idim. Təsəvvür edin ki, kafedə açıq bufet formalı kompleks nahar yeməyi müştərilərə 9 ABŞ dollarına təklif edilirdi. Belə bir qiymətə bizdə yalnız bir şiş kabab yemək mümkündür. Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar sertifikatlaşdırıldığı kimi, kafe və restoranlar da mütləq sertifikatlaşdırılmalıdır. Fikrimcə, bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin, Turizm və Kulinariya Assosiasiyaları ilə işbirliyi əsasında həll edilə bilər".

Digər xalqların mətbəxinə niyə üstünlük verilir?

Son vaxtlar Bakıda fəaliyyət göstərən restoranlarda xarici mətbəxin milli mətbəximizi üstələməsi fikrinə gəldikdə isə mütəxəssis deyir ki, bizim hər birimiz milli mətbəximizin zəngin olduğunu dönə-dönə qürur hissi ilə vurğulasaq da, kafeyə və ya restorana gedəndə həmin təamlardan sifariş vermirik:

"Bir qayda olaraq həmin təamların evdə hazırlanmasına üstünlük veririk, kənarda isə daha çox kabab və ya digər xalqların mətbəx nümunələrinə üstünlük veririk. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb kimi kafe və restoranlarda milli mətbəximizə aid təamların heç də həmişə yüksək keyfiyyətli hazırlanmaması, subyektiv səbəb kimi onların qiymətinin həddindən artıq baha olmasını göstərmək olar. İkinci bir tərəfdən də bu məsələdə də bazar iqtisadiyyatı öz sözünü deyir. Əgər iş adamları hiss edirlərsə ki, xarici mətbəx onlara daha çox müştəri cəlb edir, təbii ki, milli mətbəximiz bir kənara atılacaq".

Milli mətbəximizi xaricilərə sevdirək

Restoranlarda yüksək xidmətin təşkil edilməsi isə yalnız sakinlər deyil, xarici qonaqlar üçün də mühüm əhəmiyyət kəsb edir. Eləcə də Azərbaycan mətbəxinin dünyaya tanıdılması baxımından gələn turistlərə məhz milli mətbəximizi təqdim etmək bu istiqamətdə atılan mühüm addımlardandır. B.Bilalov bildirdi ki, ölkəmizə gələn turistləri milli mətbəximizin təamları ilə tanış etmək üçün aşağıdakılar həll edilməlidir:

Milli musiqimizin səsləndirildiyi ixtisaslaşdırılmış restoran və kafelər təsis edilməli;

Onların fəaliyyəti Kulinariya və Turizm Assosiasiyalarının nəzarətində olmalı;

Bu müəssisələrin turizm şirkətləri ilə sıx əməkdaşlığına nail olunmalı;

Ölkəmizə gələn turistlərin ən azından bir nahar və ya şam yeməyinin bu müəssisələrdə təşkil olunması təmin edilməli;

Bu müəssisələrdə qiymətlərin aşağı salınması üçün onlara xüsusi vergi rejimi tətbiq edilməli;

Otellərdə müştərilərə daha çox milli mətbəximizin təamları təklif edilməlidir.

Milli mətbəximizə aid reklam materialları (müxtəlif dillərdə) çap edilməli, milli təamlar təklif edən kafe və restoranların ünvanı həmin reklam materiallarında əksini tapmalıdır.