O da Qarabağ savaşına qurban gedir

Day.Az представляет новость на азербайджанском языке

Dağlıq Qarabağda "dördgünlük savaş" Ermənistanın siyasi isteblişmentinə çox ağır başa gəlib. Prezident Serj Sarkisyanın komandası hərbi əməliyyatlarda Ermənistanın məruz qaldığı məğlubiyyətlər, itirdiyi strateji mövqelər və indiyədək səslənən bəyanatlarda yaradılan "qəhrəman erməni ordusu" obrazının əslində yalan olması ilə bağlı cəmiyyətin suallarına cavab verə bilmir.

Həmin suallardan biri də Ermənistanın Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlıdır. Daha doğrusu, aprelin 1-dən 5-dək olan müddətdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ümumiyyətlə gözə görünməməsinin səbəblərini Yerevandakı rejim hələ də izah edə bilmir.

Erməni mediasının fikrincə, Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistanın itkin düşmüş vətəndaşları arasında nazir E.Nalbandyanı da əlavə etmək gərəkdir.

1in.am-da dərc olunmuş "Nalbandyanla vidalaşma" məqaləsində Ağasi Yenokyan yazır: "Edvard Nalbandyanın gizli fəaliyyətinin Ermənistana və ermənilərə vurduğu ziyanın həcmi hələ bilinməsə də, onun fəaliyyətsizliyinin zərərləri artıq bəllidir. Təbii, biz tanklardan və silahlardan danışsaq da, Qarabağ münaqişəsinin nizamlanması artıq arxa plana keçib. Minsk Qrupunun həmsədrlərinin köhnə təklifləri ilə nə zaman gələcəklərini oturub gözləməyimiz yetər. Rusiyadan asılılıqdan qurtulmaq zamanının gəlməsi, Rusiyanın Azərbaycanı dəstəkləməsi ilə bağlı sosial şəbəkələrdə, xüsusilə də Facebook-da geniş dalğa oyanandan sonra hakimiyyətdə bununla bağlı xosunlaşmalar başlandı.

Bir qədər keçdi, Xarici İşlər Nazirliyimiz nə işlə məşğul olmağının gərəkdiyini xatırladı və etiraz notası yolladı. Amma Rusiyaya yox, İsrailə. Erməni könüllülər cəbhəyə yollandılar, "Yerkrapa" xalqa sədaqətini və köhnə sümüklərini təklif etdi, amma Edvard Nalbandyan hələ də yoxdur. Yenə vaxt keçdi və Ermənistan XİN-in rəsmi saytından öyrəndik ki, sən demə, nazir ailəsini görmək üçün Parisə yollanıb. Təbii ki, öz hesabına yox... O, sən demə, Frankofoniya Cəmiyyətinin sədri ilə də görüşəcəkmiş ki, Qarabağdakı savaşla bağlı bəyanat dilənsin. Təbii, əgər Nalbandyanın əmisi oğlu Sürixdə yaşasaydı, səfər pullarını mənimsəməyə alışmış nazir İsveçrə Filatelistlər Federasiyasından da bir bəyanat qoparmağa çalışacaqdı".

Ermənistan mediasında son iki gündə Edvard Nalbandyan əsas hədəflərdən biridir. Sosial şəbəkələrdə isə ermənilər onu az qala Qarabağdakı "dördünlük savaş"da məğlubiyyətlərinin başlıca səbəbkarı, ermənilərin məruz qaldıqları uğursuzluğun baiskarı kimi qələmə verirlər.

Bütün bunları sadəcə, "adi xalq etirazları", "vətəndaşların fikri" olduğunu düşünmək sadəlövhlükdür. Yerevanın küçələrinə ermənilərin çıxaraq sporadik aksiyalar keçirməsi, "Rədd olsun Sarkisyan!" demələri Ermənistanın demokratik ölkə olması görüntüsü yaratmağa xidmət edir və bu, Yerevandakı rejimin davranışının tərkib hissəsidir.
Gerçəkdə isə Ermənistanı idarə edən totalitar rejim vəziyyətdən maksimum dərəcədə bəhrələnmək üçün şəraitdən istifadə edir.

Prezident Serj Sarkisyan məhz belə davranır və Ermənistan mediasındakı "tənqidi" yazıların, sosial şəbəkələrdəki "vətəndaş narazılıqları"nın hakimiyyətdən bixəbər, hətta Yerevan iqtidarına qarşı yönəlmiş aksiyalar olduğunu düşünmək Ermənistandakı situasiyanı olduğundan dəfələrlə yaxşı dəyərləndirmək olardı.

Gələn il keçiriləcək parlament seçkilərində "qələbə"sini təmin etmək üçün bütün vasitələrdən istifadə edən S.Sarkisyan kütləvi şüurda "islahatçı" imicini qazanmaq üçün hökumətin tərkibini dəyişməkdədir. Bu dəyişiklik prosesində XİN başçısı Edvard Nalbandyanın da vəzifəsindən kənarlaşdırılması nəzərdə tutulub.

Erməni politoloq Narine Barxudaryanın fikrincə, S.Sarkisyan xarici işlər nazirini "vurmaq"la hazırda onun göstərişlərini tam yerinə yetirməyən və ya yetirmək istəməyən səfirləri də zərərsizləşdirəcək.
"Nalbandyanın nazir kimi fəaliyyəti bivecdir və bunu etiraf etmək gərəkdir. Onun postundakı işində yeganə yaddaqalan məqam Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının imzalanmasıdır. Di gəl, həmin prosesdə Nalbandyan adi "imzalayan şəxs" statuslu idi və o statusu hələ də dəyişməyib. Bundan başqa, indi Ermənistanda hamı qəzəblidir, Azərbaycandan intiqam alınmasını tələb edir. Lakin bir qədər keçəcək, kütlə ayılacaq və qurban tələb edəcək.

Edvard Nalbandyan isə prezident S.Sarkisyanın nəzərində bu "qurban" roluna ən yaxşı namizəddir", - N.Barxudaryan deyib.

Bundan başqa, Rusiya da E.Nalbandyandan narazıdır və Ermənistanın XİN başçısının ABŞ ilə Avropa Birliyinin diqqətini Yerevana daha çox cəlb etməyə yönəlmiş fəaliyyəti təki "səhvi" ona bağışlamaq niyyətində deyil.

Rusiya Ermənistan XİN-nə Moskvanı tam təmin edən, daha doğrusu, "böyük qardaş"dan alınan əmrləri tam yerinə yetirən adamın başçılıq etməsini istəyir.
Belədə, aydındır ki, Serj Sarkisyan situasiyadan faydalanmaq və Rusiyadan daha çox güzəştlərə nail olmaq üçün XİN başçısı postuna təyinat məsələsində Moskva ilə yeni sövdələşmə aparacaq.

Onun yeganə məqsədinin hakimiyyətinin dayanıqlığını təmin etmək olduğunu nəzərə alsaq, E.Nalbadyanın taleyini artıq həll edilmiş saymaq olar.

Orxan Hun

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.