Radikal düşərgədə söz savaşı tuğyan edir

Day.Az представляет новость на азербайджанском языке.
Müxalifət qəzetləri bir-birlərinə qarşı söz davasına çıxıblar, açırlar sandığı, köhnə söz-söhbəti oradan çıxardıb bir-birlərini ittiham edir, söz adlı silahdan şapalaq düzəldir, haralarına gəldi çırpır, çırpdıqca özləri də ləzzət alır və apardıqları mübarizənin effektli, səmərəli olduğu haqqında düşünür, guya bu mübarizə xalqın ümumi fikrini əks etdirən rəylər kimi dövriyyə buraxılırdı. Görünən bu idi.
Müxalifət liderləri iyirmi beş illik (əksəriyyəti) apardığı səmərəsiz, sistemsiz, yuxuda gördüklərini sabahkı iclasda müdrikcəsinə müzakirəyə çıxaran, sonda aşkarda yuxularına korrektələr edən mübarizədən (əgər buna mübarizə demək mümkündürsə) yorulduqlarını etiraf edərək yeni namizəd axratışına çıxdılar. Açıq deməsələr də xalqın onlardan yorulduğunu və bu siyasətlə, daha doğrusu siyasətsizliklə olan-qalanı da itirmək qorxusu, üz də olmaqdan çəkilib küncə-bucağa sığınaraq yada düşməmək heybəti (çünki özləri digərlərinin haqqını yeyib, heç çoxlarını nəinki yada salmır, hətta onların adı gələndə üzlərini turşudaraq belə adamları yadına sala bilmədiklərini deyirlər) onları vahid namizəd axtarışına sövq etdi. Bu onların birinci etirafı idi.
İkinci etiraf da özünün çox gözlətmədi. Filmlərində mənsub olduğu milləti, etnosu ("Bir cənub şəhərində", "Səhranin bəyaz günəşi" və s.) ələ salıb lağa qoyan, yalnız yetmiş yaşından sonra doğma dilində güc-bəla ilə danışan birisini vahid namizəd elan edib bəh-bəhlə, çal-çağır, zurna qavalla, millətin (dövlətin yox) xilaskarı adı ilə yuxarı başa, yəni Milli Şuraya sədr gətirdilər. Əcaba, o kinodakı deyilən kimi "Müxalifət Rüstəm "bəy"in nəyinə vurulmuşdu və nəyini sevmədi ki, onu lider səviyyəsinə qaldırıb, sonra da kəllə-mayallaq aşağı tullayaraq əzilmiş qabırğaları üstündə "İnnabı" rəqsini oynamağa başladı.
Müxalifətin bu sevgisi və inamı haradan qaynaqlanırdı ki, Rüstəm "bəy" onlar üçün əvəzolunmaz lider hesab olunurdu; kosmopolit düşüncəsimi - yox, xalq arasında məşhurluğumu - yox, xarizmatik liderliyimi - yox. Bəlkə cibindən ucunu göstərib, sonra yerinə qoyulan pulumu - ola bilər, yoxsa özünün də guya inandığı Moskva əlaqələrimi müxalifətin bu qədər şanlı olduğuna inandırıb ikinci nəfəsini açmışdı, amma o ikinci nəfəs borusundan üfunət gəldiyini bildirməmiş, gizli saxlamışdır. "Pulsuz pendir tələdə olar" deyib atalar, "Getdilər kabab iyinə, gördülər eşşək dağlayırlar".
İnam deyəndə yadıma Molla Nəsrədindən (Allah ona rəhmət eləsin! O olmasa idi kimdən danışardıq?) bir lətifə düşdü.
Mollanın ac vaxtları idi. Bazara gəlib kimdən yeməyə bir şey istəyirsə, borcu olduğundan kimsə ona heç nə vermir. Ac molla deyinə-deyinə əsəbləşir, bazar əhlindən qisas almağı düşünür. Gedib bir az qıraqda gəzib özünü tox kimi göstərərək bazar əsnafının birinin yanına gələrək söyləyir ki, bəs şəhərin o başında filan zəngin tacir dünyasını dəyişib, ehsan verirlər, özüm də oradan gəlirəm. Xəbər ildırım sürət ilə bazara yayıldıqda əsnaflar bir-bir, iki-iki şəhərin o başına yollanırlar. Beləcə bazar boşalır. Axırıncı tacir də yas yerinə yollanmaq istədikdə molla onu saxlayır ki, ə, bəs hara gedirsən? O da cavab verir ki, bəs filan tacir ölüb ehsanına gedirəm. Molla bir qədər düşünür: "Bu qədər əsnaf yalan danışmaz, deyəsən, dediyim düz çıxıb. Qoy mən də gedib, ehsana çatım".
Beləliklə molla özü uydurduğuna özü də inanır. Müxalifətdə Rüstəm "bəy" məsələsində mollanın lətifəsi kimi oldu. Özü dediyinə özü inandı az imiş kimi hakimiyyətdən qovulanlar, ortada yeyib qıraqda gəzənlərin əlinə girəvə düşdü. Hay-huyla "bəy"in çətir fason xilaskar obrazını yaradıb onun altına yığışmağa başladılar. Yay ayı olduğundan bu çətrin altında sanki kondinsioner işləyirdi deyə hamı kostyumda görünürdü, güya hakimiyyət qapıları öz-özünə bunalara gəl-gəl deyəcək. Bir-iki nəfəri çıxmaq şərti ilə kimlər yığışmamışdı bura ilahi-atan da, tutan da, alan da, satan da, söz və göz pəhləvanlar-hamısı burada idilər.
Ay-hay. "Bəy"in ətrafına yığışanlar yerli dəllal (hamsına aid deyil) olduqlarından heç ağıllarına da gətirməzdilər ki, beynəlxalq səviyyəli bir dəllalın senarisinin iştirakçılarına çevriliblər. Bəs nə bilmişdiniz?
Beynəlxalq şöhrətli, Putinin dostu N.Mixalkovu barmağına dolayıb atan sizdənmi çəkinəcəkdi? Əlbəttə, yox. Rüstəm "bəy" bu işə itirdikləri (Azərbaycanda) pulu geri qaytarmaq üçün qol qoymuşdu. Müxalifət isə ondan, özünün də dediyi kimi iyirmi milyon pul gözləyirdi. "İt də getdi, ip də getdi".
Müxalifət bunu gec başa düşsə də, özündə güc tapıb üstüörtülü olsa da, etiraf etməyi bacardı. Bu ikinci etiraf idi, amma cəmiyyətdə biabır olmasınlar deyə Milli Şuranın adından Cəmil Həsənlini tapıb ortalığa çıxardılar. Bu həm də İsa Qəmbərlə Əli Kərimlinin perspektivinə işləyən bir amil oldu. Onsuz da, qabaqcadan məğlubiyyətlərini sığortalamaq lazım idi. Gələcəkdə rəy yaradılacaq ki, bu liderlər olmasa, müxalifətin işi həmişə axsayacaq.
Üçüncü etiraf da maraqlı idi. 18 avqust mitinqlərindən sonra bu etiraf çox cəlbedici oldu. Birincisi, aydın oldu ki, aparıcı liderlər könülsüz olsalar da, MŞ-nin namizədinə razılıq verəndə mitinq məsələsi "bəy"in yazdığı ssenarilər kimi qəliz bir şeydir. Burada klassik liderlər özlərinin köhnə ssenarilərini işə salıb iki dəfə sağdan, bir dəfə isə mərkəzdən Milli Şuraya sarsılmaz zərbə vurdular. Bununla da sübut etmək istədilər ki, ey MŞ bizsiz heç nəsən, biz deyənə əməl etməsən, tozlu üstünə su töküb palçığa çevirərik, sonra günəş altında qurudub cadar-cadar olanda hərəniz bir yerə dağılarsınız. Zatən mitinqin göstərisi bu idi, gələnlərin azlığı bunu sübut etdi.
İkincisi isə, müxalifətin axrına sosial şəbəkələr çıxdı. Virtual aləmin yazışmalarında müxalifət "stəkanda fırtına" yaratmışdı. Elə rəy yaradılırdı ki, sanki ölkənin iqtidarı da MŞ-nın namizədini dəstəkləyir, onun üçün çalışır. Aydın oldu ki, heç də belə deyilmiş özləri status bildirir, sonra özlərində bilərəkdən bu statusa cavab verib ictimai rəy adından dövriyyəyə buraxdılar, hətta min nəfər də (hərçənd bu mümkün deyil) statusa nəsə yazsa, heç nə dəyişməyəcək, çünki virtual aləm başqa bir aləmdir. Burada hər kəsin özü deyil, virtual "məni" iştirak etdiyindən ağlına gələni yaza bilər.
Virtual aləmlə mitinq etmək, ictimai rəy yaratmaq olmaz. Bunun üçün yollar çoxdur...
İstisna etmirəm ki, yaxınlarda müxalifət dördüncü və növbəti etiraflarda bulunacaq, hər şeyi iqtidarın üstünə atmayıb, öz səhvlərini, ilk növbədə, özündə axtarmağa çalışacaq.
Etiraf həm də CƏSARƏT deməkdir!
Yunus Oğuz
Olaylar
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре