“Müsavat” Milli Şuranın yaşamasında maraqlı deyil

Day.Az представляет новость на азербайджанском языке.

Milli Şura daxilindəki çəkişmə, daha dəqiqi, Müsavatdakı Arif Hacılı-Rauf Arifoğlu qrupunun El hərəkatına, Liberal Partiyaya hücumları nəticə verdi. ALP-nin mənəvi lideri Lalə Şövkət qurumdan istefa verib. İndi onu Şurada başqası əvəz edəcək. Bu savaş niyə başladı və kim haqlıdır? Müsavatdakı Milli Şura əleyhdarlarının ara-sıra hücumları vardı. Bu hücumlar Cəmil Həsənli vahid namizəd olandan sonra intensivləşdi. Müsavatdakı Şura əleyhdarları (Rauf Arifoğlu, Pənah Hüseyn Şuraya qoşulmamışdı, Arif Hacılı isə son günlərədək Şura əleyhinə açıqlamalar verdi, sonda candərdi qoşuldu) qurumu dağıtmaq üçün fürsət gəzirdilər. Çünki Milli Şura son 20 ildə yaranmış yeni format idi. Bu format ənənəvi müxalifətin zərərinə idi. Bu qurum gec-tez Müsavatla AXCP-ni sıradan çıxaracaqdı. AXCP sədrinin itirəcəyi heç nəyi qalmadığı üçün prosesə qoşulmuşdu. Milli Şuranın güclənməsi açıq-aşkar Müsavatın əleyhinə idi. Şuranın yaranması Müsavat başqanının seçkilərdən kənarda qalmasına səbəb olur və partiyanın 2015-ci il seçkiləri üçün bazarlıq imkanlarını məhdudlaşdırırdı. Bu baxımdan Müsavat Milli Şurada özünü quruda balıq kimi hiss edirdi. Amma başqa yol da yoxdu. Partiyanın Şuradan kənarda qalması ciddi elektorat itkisinə səbəb ola bilərdi. Şuradan çıxmaq Müsavatda, İsa Qəmbərlə Arif Hacılının maraqlarına uyğun idi, Rauf Arifoğlu üçün isə həyati əhəmiyyət daşıyırdı. Ona görə də "ilk atəş" Arifoğlundan gəldi. Baş yazar ilk öncə El hərəkatını, Eldəniz Quliyevi hədəf aldı. Sonra savaş Müsavatla ALP müstəvisinə keçdi. Baş yazarın ittihamları bunlardır: biz qəzet olaraq, partiya olaraq vahid namizədə dəstək veririk, El hərəkatı və ALP bu dəstəyi vermir. Müsavat AXCP ilə birgə imzaları toplayır, mitinqə adam çıxarır, o birilər bunu etmir. Doğrudur. Son mitinqə El hərəkatı 32 nəfər çıxarmışdı. ALP də aksiyaya soyuq yanaşmış, təşkilatçılıqda rol oynamamışdı. Milli Şuranın elektorat baxımından nüvəsini Müsavatla AXCP təşkil edir, bu aydındır. Amma bunu seçkiyə bir ay qalmış söyulmək, mərkəzdənqaçma meylləri yaratmaq hər halda məqsədli idi. Haqlı sual yarana bilər. Milli Şura yaranarkən kimi hansı gücə sahib olduğu bəlli idi. O zaman Müsavat nədən seçkiyə girdi? Ənənəvi müxalifətin iki qocaman partiyası niyə siyasətdən tamamilə uzaq bir kino xadiminin vahid namizədliyi qəbul etdi? Üçüncüsü, deyək ki, ALP-nin, El hərəkatının imza yığmağa adamı yoxdur, bəs KXCP-ni prosesdən kimlər uzaqlaşdırdı? Nəhayət, seçki prosesi təkcə imza kampaniyasından ibarət deyil. Qarşıda təşviqat mərhələsi gəlir. Bu mərhələdə bir qəzetdə vahid namizədin müsahiblərinin getməsi ilə yetinmək olmaz. Təşviqat mərhələsində namizədin komandası, siyasi vitrindəki adamlar görünməlidir. 2003-cü ildə Müsavat "Bizim Azərbaycan" blokuna cırtdan partiyaları, ziyalılar imza toplamaq üçün yığmamışdı. Müsavat onların nüfuzu lazım idi. Bu baxımdan "sən imza yığmamısan, Şuradan get" doğru yanaşma deyil.
 

ALP ilə savaşa İsa Qəmbərin də qatılması onu deməyə əsas verir ki, artıq partiya səviyyəsində qərar verilib ki, seçkidən həmən sonra qurumdan getmək lazımdır. Müsavat böyük ehtimalla, prezidnent seçkilərindən sonra İctimai Palata formatına qayıdacaq. ALP, El Hərəkatı, Ziyalılar Forumu, KXCP ilə müttəfiqlik Müsavat üçün əlverişli deyil. Partiya 2015-ci il parlamnet seçkilərinə AXCP ilə birlikdə getməkdə maraqlıdır. Amma iş burasındadır ki, vahid namizəd Ziyalılar Forumun təmsil edir. Seçkidən bu qurum dividentlə çıxacaq. Ola bilər ki, AXCP Müsavatla yox, Cəmil Həsənlinin təmsil etdiyi qurumla əməkdaşlığı davam etdirsin. O halda Müsavat təklənəcək. İstənilən halda ortaya yeni siyasi qüvvələrin çıxması labüddür, ənənəvi müxalifətin öz cazibəsini, gücünü itirdiyi faktdır.
 

/Olaylar/