Musa Qasımlı namizədliyini Yardımlıdan verməsinə aydınlıq gətirdi

Day.Az представляет новость на азербайджанском языке.


Milli Məclisin deputatı Musa Qasımlı bu il 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürməsi məsələsinə aydınlıq gətirib.

Deputat azadinform-a açıqlamasında bunu bir neçə səbəblə izah edib: "Namizədliyimi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürməyimin bir sıra səbəbləri var. Birincisi, Azərbaycan Respublikasının Konstitusiyasına görə, parlamentə seçilmək üçün namizədliyini vermək hüququ olan hər bir şəxs ölkəmizdəki istənilən seçki dairəsindən namizədliyini irəli sürə bilər. Bu, həmin şəxsin konstitusiya hüququdur".

M.Qasımlı bu dəfə Yardımlıya yaxından xidmət etmək istədiyini vurğulayıb: "Yardımlı mənim doğma yurdumdur. Bu rayonda doğulmuşam, orta məktəbi bitirmişəm, boya-başa çatmışam. Universiteti bitirdikdən sonra Yardımlıda təyinatla bir neçə il tarix müəllimi işləmişəm. Adamları çox yaxşı tanıyıram. Bütün kəndlərdə olmuşam. İmkanım daxilində rayonun xeyir-şərində uzun illərdir iştirak edirəm. Demək olar ki, hər ay Yardımlıya gedirəm. İnsanlarla ünsiyyətdə oluram".

Deputat qeyd edib ki, ötən beş ildə Sumqayıt şəhərinin deputatlarından biri olsa da, Yardımlının bir çox sakini ona məktublarla, telefon zəngləri ilə müraciət ediblər: "İmkanlarım daxilində yardımçı olmuşam. Narazı qalan olmayıb".

M.Qasımlı əlavə edib ki, Azərbaycan 1920-ci ildə bolşevik işğalına məruz qaldıqdan sonra xalqımızın istiqlal uğrunda mübarizəsinə həsr edilmiş iri həcmli əsərinin bir hissəsini Yardımlı sakinlərinin fəaliyyətinə həsr edib, bu rayon tarixində bir ilkdir: "Bu ilk ziyalılar tərəfindən rəğbətlə qarşılanıb. Mən də bununla fəxr edirəm. Yardımlıdan çıxan ilk tarix elmləri doktoru, professoram. Ölkədə ən gənc elmlər doktoru olmuşam. Dördüncüsü, Yardımlının ağsaqqalları və ziyalıları bu dəfə öz rayonumuzdan namizədliyimi irəli sürməyimi tövsiyə etdilər. İnşallah, hər şeyin uğurla nəticələnəcəyinə inanıram".

"Əvvəlcə 72 saylı Yardımlı-Masallı dairəsindən Sabir Rüstəmxanlı namizədliyini irəli sürürdü. Sabir bəylə söhbətiniz olubmu bu barədə?" - sualına cavabında M.Qasımlı bunları deyib: "Namizədliyimi irəli sürərkən heç kimlə söhbətim olmayıb".

Qeyd edək ki, hazırda 72 saylı Yardımlı-Masallı dairəsininin deputatı Sabir Rüstəmxanlıdır.