Nəqliyyatdakı problem nə vaxt həll olunacaq

Day.Az представляет новость на азербайджанском языке.
Ölkənin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər heç bir müsbət nəticə verməyib. Son illər ərzində müasir tələblərə cavab verən yolların çəkilməsinə, körpülərin, yeraltı və yerüstü keçidlərin tikilməsinə, ölkəyə yeni iritutmlu avtobusların gətirilməsinə, ən nəhayət intellektual idarəetmə sisteminin quraşdırılmasına baxmayaraq hələ də insanlar sərnişindasıma ilə əlaqədar əziyyət çəkməkdədir. Yolların genişləndirilməsi, dairəvi magistral yolların çəkilməsi də sözügedən problemin həllində əhəmiyyətli rol oynaya bilməyib. Vəziyyət o həddə çatıb ki, artıq paytaxt Bakıda avtomobillə hərəkət mümkünsüz olub.
Ölkəyə gətirilən minik avtomobillərinin sayının artması, avtomobillərin düzgün park edilməməsi kimi nöqsanlar küçələrdə hərəkəti iflic vəziyyətə salıb. Bununla yanaşı, paytaxtın küçələrində yeni inşa edilən obyektlərin pilləkənlərinin piyada yoluna qədər uzadılması hərəkət üçün əməlli-başlı problem yaradıb. Artıq uzun-uzadı tıxaclarda saatlarla qalmaq paytaxt sakinlərinin gündəlik həyat tərzinə çevrilib. Ölkənin ali və orta məktəblərində yeni tədris ilinin başlanması ilə bağlı olaraq sərnişindaşımada problemlərin daha da artması vətəndaşların haqlı narahatçılığına səbəb olub. Hələ sentyabrın 15-nə bir neçə gün qalmasına baxmayaraq artıq ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Avtobus və metrolarda yaranan izdiham insanların sərbəst hərəkətinə mane olur. İş orasındadır ki, sərnişindaşıma sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticə vermir. Əksinə belə addımlar insanlar üçün əlavə problemə çevrilir. Sözügedən prosesə subyektiv müdaxilələri də əlavə etsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək elə də çətin olmaz. Son günlər sərnişinlərin ən çox üzləşdikləri problemlərdən biri də ayrı-ayrı istiqamətlər üzrə hərəkət edən avtobusların sayının az olmasıdır ki, saatlarla dayanacaqlarda gözləyən vətəndaşlar özlərini güclə avtobusa soxurlar. Avtobusların sayının az olması və onlar arasındakı intervalın uzadılması məhz sərnişinnəqliyyatda sıxlıq yaradan əsas məsələlərdəndir. Bu səbəbdən bəzən avtobuslarda ayaq üstə durmağa belə imkan olmur, sərnişinlər qapılardan sallanaraq getmək məcburiyyətində qalırlar. Çünki növbəti avtobusda da eyni vəziyyət yaranacaq, sərnişin isə sadəcə vaxt itirəcək. Sürücülərin sözlərinə görə, paytaxtda belə vəziyyətin yaranmasına səbəb xəttlərdən bəzi avtobusların çıxarılmasıdır ki, bu səbəbdən ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Belə şəraitin hökm sürməsi vətəndaşların həm mənzil başına çatması, həm də maddi vəziyyətinə mənfi təsiri ilə müşayət olunur. Üstəlik hərəkət zamanı sərnişin çoxluğundan avtobusların qapılarının bağlanmaması insanların həyatları üçün əsil təhlükə mənbəyi rolunu oynayır. Bir necə gün öncə 215 saylı avtobusun qapısından sərnişininin yıxılması belə halların təkrarlanmayacağına təminat vermir. Məlumata görə, artıq Bakıətrafı kənd və qəsəbələrdən şəhərə gələn bir sıra avtobus xətdən çıxarılıb.
Belə ki, təxminən 15-20 xətt üzrə 80-100 arası avtobusun mərkəzə hərəkətinə qadağa qoyulub. Eyni qayda paytaxtın mərkəzi küçələri ilə hərəkət edən avtobuslara da tətbiq edilib. Bu isə istər-istəməz vətəndaşların narahatçılığına səbəb olur. Əvvəla onu qeyd edək ki, indı Bakıətrafı kənd və qəsəbələrdən şəhərin mərkəzinə gəlmək üçün vətəndaşlar bir neçə avtobus dəyişmək məcburiyyətində qalıblar. Belə ki, avtobusların sayı azaldığından sərnişinlər mənzil başına çatmaq üçün ən azı iki avtobus dəyişmək zorundadırlar. Bu isə vətəndaşlar üçün əziyyətlə yanaşı, əlavə xərc deməkdir. Nəzərə alsaq ki, Bakıətrafı kəndlərə gediş haqqı məsafədən asılı olaraq 30-70 qəpik arasında dəyişir, onda iki avtobus dəyişməklə sərnişinlərin şəhərin mərkəzinə gəlib geri qayıtması 0,60-1,40 manata başa gəlir. Onu da qeyd edək ki, Tarif Şurasının qərarına zidd olaraq Bakıətrafı qəsəbələrə gediş haqqının özbaşına qaldırılması faktdır. O da nəzərə alınmalıdır ki, payız-qış fəslinin gəlişi və havaların soyuması ilə əlaqədar sərnişindaşımada problemlərin daha da artacağı istisna olunmur. Yəni havaların soyuması, küçələrin buz bağlaması sürücülər üçün əlavə bəhanə mənbəyi olacaq. Onu da qeyd edək ki, avtobusların sayının azalması təbii ki, onlar arasındakı intervalın da uzadılması ilə nəticələnib. Yəni, əvvəl avtobus on dəqiqədən bir xəttə düşürdüsə, indi bi interval on beş dəqiqəyə çatdırılıb. Yağış yağması səbəbindən yolların sürüşkən olması, üstəlik günün istənilən vaxtında tıxacın mövcudluğu bu intervalın iki dəfə uzanmasına səbəb olacaq. Deməli, cərnişinlər istənilən halda avtobusa minmək üçüm ən azı 20-30 dəqiqə gözləməli olacaqlar.
Ölkədə nəqliyyatın intellektual idarə edilməsi və kartla gediş sisteminin tətbiqi şəraitində sərnişindaşımada belə acınacaqlı vəziyyətin yaranması qətiyyən uyğun gəlmir. Təəssüf ki, sadalanan problemlərin aradan qaldırılması istiqamətində hansısa addımın atılması da müşahidə olunmur. Belə məlum olur ki, bu qış mövsümündə də sərnişinlər ayaq üstə, yaxud avtobusların qapılarından sallanaraq işə və evə getməli olacaqlar.
/Olaylar/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре