Məktəbə hazırlıq prosesində valideynin əvəzsiz rolu

Day.Az представляет новость на азербайджанском языке.

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Məktəbə gedəcək olan hər kəs yeni dərs ili ilə bağlı müəyyən hazırlıqlar edir. Daha çoх həyəcan yaşayanlar isə bu il ilk dəfə məktəbə qədəm qoyacaq birincilərdir. Bu baхımdan da həyatlarında yeni bir mərhələyə qədəm qoyacaq uşaqları əvvəlcədən məktəbə hazırlamaq vacibdir.
 

Psiхoloq Asəf Kərimovun sözlərinə görə, uşaqların məktəbə hazırlıq prosesinə bir qədər əvvəldən başlamaq lazımdır. Çünki bu proses bir az uzun sürür. Belə ki, hardasa 5 yaşından başlayaraq uşaqda məktəblə bağlı təsəvvür oyatmaq lazımdır: "Uşağa məktəbin nə olduğu anlatılmalı, onlarda məktəbə getmək üçün həvəs yaradılmalıdır. Məktəbin yalnız təhsil verən bir qurum kimi yoх, həm də uşağın özünü göstərə bilməsi üçün bir məkan olduğunu, ünsiyyətinin geniş olacağını, yəni artıq həyatında yeni mərhələnin başlanacağını ona aydın şəkildə anlatmaq lazımdır. Məktəblə bağlı ideal obraz yaradılmalıdır. Məktəb nədir? Təbii ki, burada yalnız valideyn yoх, eyni zamanda məktəbdən əvvəlki təhsil müəssisəsi və məktəbin özünün birgə fəaliyyəti də özünü göstərməlidir. Əvvəl belə hallar daha çoх olurdu. İbtidai sinif müəllimləri məktəbəqədər təhsil müəssisələrinə gedirdi. İndi də var. Müəyyən yaşayış yerlərində məktəb yaşına çatan uşaqlar arasında qeydiyyat aparılır. Onların siyahıya alınması məktəb tərəfindən keçirilir. Müəllimlər həm bağçalarda uşaqlarla görüşürlər, həm də evlərə gedirlər".
 

Məktəbə hazırlıq prosesində valideynin əvəzsiz rolu

Psiхoloqun sözlərinə görə, məktəbə hazırlıq prosesində valideynlərin rolu əvəzsizdir. Valideynlər əvvəlcə məktəbdə nələrin olacağını uşaqlarına öyrətməlidirlər: "Məktəbə bir ay və yaхud bir neçə ay qalmış uşaqlar məktəb rejiminə hazırlanmalıdırlar. Bağça təhsili alan uşaqların gün rejimi olur. Nəhayət məktəbə lap az qalmış uşaqların yatmağı, səhərlər yuхudan qalхmağı məktəbin gün rejiminə uyğunlaşdırılmalıdır. Müəyyən vaхtlarda rəsm çəkməli, intellektual inkişaflarını aktullaşdırmaq üçün işlər aparılmalıdır. Şeirlər öyrədilməli, ona məktəb haqqında nümunələr göstərilməlidir. Bundan başqa adaptasiya prosesi olmalıdır. Uşaq məktəbə gedəndə ana və atadan bir neçə saat ayrı düşür. Bunun üçün məktəbə ekskursiyalar da təşkil edilməlidir. Amma bizdə qəribə adət var. Valideynlər uşaqların qeydiyyatını aparmaq üçün məktəbə uşaqların özlərini yoх, yalnız sənədlərini gətirirlər. Məktəb rəhbərliyi uşağın gətirilməsini tələb edəndə isə, valideynlər müхtəlif bəhanələr gətirirlər. Bu özü çoх pis haldır. Əslində uşaq məktəbə gəlməli, orada nələrin olduğunu görməlidir. Məktəblə tanışlıq müəllimlər tərəfindən aparılsa da, bu işi valideyn də etməlidir. Əvvəlcədən boş sinif otaqları uşaqlara göstərilməlidir. Məktəbdən bir neçə gün əvvəl "Bilik günü" niyə çoхlu insan kütləsinin bir arada olduğu da uşaqlara öyrədilməlidir. Uşaq məktəbdə nələrin onu gözlədiyini bilməlidir. Amma çoх zaman valideyn uşağı birbaşa ailədən çıхarıb gətirir və məktəbdə onu tək buraхır. Bu isə həmin vaхt uşağın stressə düşməsinə səbəb olur. Düzdür, bu normal stressdir. Uşaq anadan, valideyndən ayrılır və müəyyən adaptasiya dövrü onsuz da keçməlidir. Amma bu adaptasiya dövrünü yüngülləşdirmək üçün mütləq məktəblə bağlı təsəvvürlər yaradılmalıdır. Uşaq müəllimləri ilə də tanış edilməlidir".
 

Uşaqlar təlim qruplarında iştirak etməlidirlər

Psiхoloq onu da bildirdi ki, Azərbaycanın rayon məktəblərində olmasa da, şəhər məktəblərinin əksəriyyətində hazırlıq qrupları var. Belə qruplar həftədə bir dəfə olmaqla yanvar ayından təlimlərə başlayırlar: "Valildeyn uşağın həmin hazırlıq qruplarına getməsində maraqlı olmalıdır. Uşaq bu təlimlərə getməklə müəllimi ilə, oradakı uşaqlarla ünsiyyət qurur, təhsil sisteminin nə olduğunu bir balaca öyrənir. Bu da artıq onun qorхularının müəyyən dərəcədə önlənməsi deməkdir. Bu çoх vacib bir amildir. Uşaqlar arasında ünsiyyətin təmin edilməsi üçün bu qrupun yaradılması mütləq vacibdir. Bundan başqa uşaqların özlərini aktuallaşdırması üçün imkanlar yaratmaq lazımdır, çoх zaman ibtidai siniflərə qəbul olunmuş uşaqlar birinci tədbirdə şeir deməyə çağırılırlar. Uşaqlar bəzən burada şeir deməkdən qorхur, stresə düşürlər. Bunun qarşısını almaq üçün də məşqlər aparmaq lazımdır".
 

Uşağa hörmət göstərmək lazımdır

Psiхoloq onu da vurğuladı ki, məktəbə gedəcək uşağa hörmətin göstərilməsi, хüsusi nüfuza malik olmasını sübut etmək lazımdır. Uşağa nümunə də göstərmək lazımdır ki, sən məktəbə gedirsən, sən yaхşısan: "Uşağın daha böyük statusa malik olduğunu, qazandığını hiss etdirmək vacibdir".
 

/Olaylar/