Kamran İmanov: “Arsak” sözünün hay-ermənilərə heç bir aidiyyəti yoxdur

Son günlər mətbuatda və sosial şəbəkələrdə "Arsak" sözünün etimologiyası ilə bağlı qızğın müzakirələr davam etməkdədir. Müzakirə edilən məsələnin aktuallığını və bununla bağlı müxtəlif fikirlərin səsləndirildiyini nəzərə alaraq, bu sahədə çoxlu sayda elmi araşdırmaların müəllifi olan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanova müraciət etdik.

Sual: Kamran müəllim, bildiyimiz kimi, Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır. "Arsak" sözünün etimologiyasının mənimsənilməsi də ermənilərin belə "fəaliyyət"in təzahürüdür. Bununla əlaqədar fikirləriniz ictimaiyyət üçün maraqlıdır.

K.İmanov: Müzakirə predmetinə çevrilən məsələyə mənim şəxsi düşüncələrim mövcuddur. Bunların kökü uzun illər ərzində hay-erməni plagiatına, erməniçilik uydurmalarına və saxtakarlıqlarına qarşı çıxaraq, dünya ictimaiyyətinin nəzərinə "Azərbaycan mədəni ənənələrinin mənimsənilməsində hay-erməni ənənəsinin" ifşa edilməsi ilə bağlı araşdırmarlarının çatdırılması durur. Demək istəyirəm ki, xalqımızın maddi və qeyri-maddi mədəni irsinə, istər abidələri və tarixi tikililəri, istər əsərləri və folklor nümunələri, istər musiqi alətləri və xalçaları, istərsə də toponimləri və tarixi yer adları, bir sözlə, hər növ əqli mülkiyyətinə təcavüzə qarşı bizim hüquqi, tarixi, etimoloji əsaslara, qədim mətnlərə və klassik mənbələrə köklənən mövqeyimiz səslənməlidir.

Sual: Kamran müəllim, 2018-ci ildə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Həmin tədbirdə Sizin tərəfinizdən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında" geniş məruzə edilmiş və sonradan bu təqdimat kitab şəklində buraxılmışdır. Zəhmət olmasa, qədim mənbələrə əsaslanmaqla Qədim Albaniyanın "Arsak" toponimi haqqında elmi-tarixi izahı verərdiniz.

K.İmanov: Bəllidir ki, "Arsax/Arsak" Qafqaz Albaniyasının vilayəti idi, bununla belə biz tamamilə haqlı olaraq, qondarma qurum haqqında söhbət açdıqda "Arsax" sözünü dırnaqarası göstəririk - bu təsisatı heç bir dövlət və heç bir beynəlxalq təşkilat tanımır. Maraqlısı odur ki, hay-erməni təfəkküründə Azərbaycan mənşəli "Qarabağ" sözünün əvəzinə "Arsax" sözü işlədilir və onlar heç guman da etmirlər ki, bu söz də türk mənşəlidir və onun kökündə "saka" - turanlı qəbilələr birləşməsinin adı durur. "Ərsak" tam şəkildə, yəni "Ər" + "Sak / Saq" (ər, döyüşçü Saka) qüdrətli dövlət quran Ərsaklar sülaləsi, Parfiya dövlətinin ilk və sonrakı hökmdarlarının adları ilə bağlıdır. Heç də təsadüfi deyil ki, Ərsak adı Romada "Sezar" "imperator" sözünə sinonim olduğu kimi, qədim Şərqdə çar hakimiyyətinin rəmzi kimi çıxış edirdi. "Sak / Saq" sözü isə M.Qaşqarlının "Qədim türk lüğəti"nə, G.Canson "An Etymological Dictionary" görə, "ayıq", "sayıq", "qoçaq" mənasında işlənilir və bununla "Ərsak / Ərsaq" ayıq, sayıq döyüşçü (ər), yəni "nəyisə qorumaq qabiliyyətli döyüşçü (ər)" mənasını verir. Türklər ayıq-sayıq qoçağı "sak ər" adlandırırdılar və Ərsak onun inversiya formasıdır. Beləliklə, "Ərsak" adı - "ayıq-sayıq döyüşçülər" və ya "saka döyüşçüsü" deməkdir. Bu növ etimologiya məşhur iranşünas alim Riçard Frayın (Riçard Fray "Nasledie İrana", M., Nauka, 1972) rəyi ilə uyğunlaşır. Fray hesab edirdi ki, "arsän", "ar / ər", ər, qəhrəman deməkdir. "Arsän" sözünün ikinci hissəsi "sän" isə M.Qaşqarlının lüğətində "sak/saq" şəklində də istifadə edilir. Hay-ermənilər və ya farsların Si-Sa-kan sözü də turanlı sakalarla bağlıdır. Çünki qədim Çin mətnlərində Su / Se (Sö / Si) sakaların Mərkəzi Asiyalı ana qol qəbiləsinin adı kimi verilir. Bununla, Si-unik = Si+unik (yəni "unik" "akan" mənasında) = Si bəyliyi, həmçinin Si+Sakan = Si sakaları deməkdir.

Onu da qeyd edim ki, məşhur folklorşünasımız Mirəli Seyidov "sak / saq" sözünü "ox" (strela) mənasında açıqlayırdı. Hay-erməni tarixinin atası hesab edilən M.Xorenski yazırdı ki, "Sisak məharətli oxçudur və öz adı ilə ölkəsini Sünik adlandırır, lakin farslar ona daha dəqiq Si-sakan deyirlər". Burada "sak" - ox, oxun ucu deməkdirsə, xatırladım ki, "Siyuni / Siuni" də qədim ermənicə həmin məna verir, lakin perslərın "Sisakan" sözü isə "Si" ("si") - (üç, ortapers dilində), birgə "Üç ox" mənasına gəlir. Bu isə, bildiyimiz kimi, türk-oğuz qəbilələrin adları idi - üç ox, doqquz ox, boz ox. Azərbaycanca Şəmşədil gürcü sözü Şamşvilde - Şamişolda-nın türk dilinə uyğunlaşmasıdır və orta əsrlərdən bəri "üç ox" mənasında işlənilir. Qədim Mesopotamiya mixi yazılarında "sak / saq" həmin mənanı saxlayaraq, "rəhbər", "başçı" kimi başa düşülürdü. Elə rus dilində "saqaydak" türk dilindən keçmə "ox torbası" ("kolçan") deməkdir. Beləliklə, "sak/saq"ı ox mənasında qəbul etdiyimiz halda "Ərsak / Ər-saq" - "ox daşıyan döyüşçü" kimi açıla bilər.

Beləliklə, "Arsak / Ərsak" sözünün hay-ermənilərə heç bir aidiyyəti yoxdur.