Qayıdışın mübarək

27 sentyabr -da şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı 44 gün sonra uğurla başa çatdı. Biz onları döyüş meydanında məğlub etdik. Ermənilər məcbur qalıb bizim istədiyimiz şərtlərlə sülhməramlı bəyannaməni imzalamağa məcbur oldu. 

Razılaşmaya əsasən düşmən işğal etdiyi rayonlarımızdan rədd olub çıxır. Bu gün isə Ağdam rayonu Azərbaycan silahlı qüvvələrinə təhvil verilir.

Bu gün Ağdam şəhəri düşmən işğalçılarından azad olunur. Ermənilər əzəli yurdumuz olan gözəl Ağdam şəhərini 23 iyul 1993-cü ildə işğal etmişdir. 

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871 nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

Ağdam Qarabağın giriş qapısı sayılır. Ağdam birinci Qarabağ savaşında ən çox şəhid verən rayondur. Ağdam Şirin Mirzəyev, Allahverdi Bağırov, Raqub Orucov kimi qəhrəmanların yurdudur. 

Bu şəhər Xudu Məmmədov, Rafiq Əliyev, Qədir Rüstəmov kimi nəhənglər yetişdirib.

Ağdam erməni vandallığına ən çox məruz qalan şəhərdir. Buna görə Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Bugün o şhərə həyat qayıdır. Biz Ağdamı Azərbaycanın ən abad və dilbər guşələrindən birinə çevirəcəyik. 200 minə yaxın insan öz doğma yurduna qayıdacaq, şəhər yenidən canlanacaq. 

Bu cümə günündə şəhidlərimizin ruhu şaddır.

Qayıdışın mübarək Ağdam!

Fərid Zöhrabov