Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.
Doğum gününüz münasibətilə Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan dərin məmnunluq duyuram.
Zati-aliləri, Sizi böyük dövlət xadimi, xalqının yüksək etimadını qazanmış mahir və cəsarətli rəhbər, ölkənin inkişafı və firavanlığı işinə fədakarlıqla xidmət edən, Azərbaycanın yeni inkişaf dövründə tarixi ədaləti bərpa etmiş əsl lider kimi yaxşı tanıyır və dərin hörmət bəsləyirik.
Bunu da xüsusi vurğulamaq istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə sosial-iqtisadi inkişafda böyük nailiyyətlər əldə edib, onun beynəlxalq aləmdə nüfuzu və mövqeyi yüksəlməkdədir.
Cari ilin iyun ayında ölkəmizə dövlət səfərinizi, Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənd şəhərində keçirilən zirvə toplantılarında bilavasitə iştirakınızı, o cümlədən bu səfərlər çərçivəsində keçirilən açıq və səmimi görüşlərimizi məmnunluqla xatırlayıram.
Mən tam əminəm ki, əldə olunan bütün mühüm razılaşmalar ölkələrimiz arasında strateji tərəfdaşlığı daha yüksək səviyyəyə çatdıracaq, çoxşaxəli əməkdaşlığımızı yeni praktiki məzmunla zənginləşdirəcək.
Şübhəsiz ki, ortaq məqsədlərimiz və gələcəkdə ali səviyyəli görüşlərimiz sayəsində Özbəkistanla Azərbaycan arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, həyatınızın bu sevincli və unudulmaz günündə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре