İşğalçı Ermənistanın silahlandırılması cinayətdir

Ermənistanın Fransa, Hindistan və digər şər ölkələri tərəfindən kütləvi silahlandırılması konkret olaraq cinayətdir.

Day.Az xəbər verir ki, bu fikirləri ARB24 kanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O əlavə edib ki, son günlər Hindistanın yenidən Ermənistana silah tədarük etməsi ciddi narahatlıq doğurur.

"Bu ölkələr yaxşı bilirlər ki, Ermənistan işğalçıdır. Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayıb, talan edib, soyqırım cinayətləri törədib, separatizim siyasəti yürüdüb",- siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, dünyada işğalçı kimi tanınan Ermənistanın silahlandırılması birbaşa olaraq işğalçılığın dəstəklənməsidir:

"Çünki Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir. Ermənistan özü də kütləvi silahlanmaya can atmaqla yeni müharibə ocağı yaratmağa çalışır, Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını sübut edir. Azərbaycan müharibə istəmir, dayanıqlı və ədalətli sülh müqaviləsi imzalamaq üçün bütün resursları işə salıb. Belə olduğu halda Ermənistan nədən qorxur, niyə silahlanır? Görünən odur ki, Paşinyan hakimiyyəti Qərb və Avropa dairələrinin, Azərbaycana düşmənçilik siyasəti yürüdən ölkələrin diqtəsi ilə silahlanır, bölgə üçün yeni təhdidlər yaradır".